...

Azərbaycanın iki diaspor təşkilatı birləşir

Siyasət Materials 12 Mart 2018 14:48 (UTC +04:00)
Azərbaycanın iki diaspor təşkilatı birləşir.
Azərbaycanın iki diaspor təşkilatı birləşir

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatı ilə Dünya Azərbaycanlıları Assambleyası birləşmək barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu qərar Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatının rəhbəri Cavad Derəxti ilə Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev arasında keçirilən görüşdə qəbul olunub. İki diaspor təşkilatı rəhbərinin arasında keçirilən görüşdə Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, ölkəmizin dünyada tanıdılması və haqq səsinin beynəlxaq ictimaiyyətə çatdırılmasına dair müzakirələr aparılıb, sözügedən məsələlərin həlli ilə bağlı gələcək planlardan danışılıb.

Müzakirənin sonunda yuxarıda adı çəkilən iki təşkilatın birləşməsi barədə razılaşma əldə olunub və birləşmə qurultayının bu ilin sentyabr ayında Almaniyanın Köln şəhərində keçirilməsi qərara alınıb.

Müxtəlif ölkələrdə fəaliyyət göstərən bir neçə diaspor təşkilatının da birlik qurultayını dəstəkləyəcəkləri gözlənilir. Artıq Beynəlxalq Diaspor Mərkəzi və Yaxın Şərq Azərbaycanlıları Konqresi də birləşmə ideyasına dəstək verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatının mərkəzi İsveç Krallığının Malmö şəhərində, Dünya Azərbaycanlıları Assambleyasının baş ofisi isə Almaniya Federativ Respublikasının Köln şəhərində yerləşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti