Bakı. Trend:
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) bu gün keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda deyilir: "11 aprel Azərbaycan Respublikasının Prezidentinin seçkiləri Ölkə qanunvericiliyi və beynəlxalq normalara uyğun keçirilmişdir. BMAM-ın Müşahidə Missiyası seçki günü Bakı şəhəri və regionlar da daxil olmaqla 50-dən artıq seçki dairəsi və 200-ə yaxın seçki məntəqəsində müşahidələr aparıb. Müşahidə aparılan məntəqələr Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, səhər saat 08:00-da seçiciləri qəbul etməyə başlamışdır. Axşam saat 19:00-da səsvermə başa çatmışdır. Müşahidə Missiyamız olduqları seçki məntəqələrində səsvermənin yekunlarını, habelə səslərin sayılması prosesini yaxından izləmiş və heç bir qanun pozuntusu faktı qeydə almamışdır.
Məntəqələrdə prezidentliyə namizədlərin vəkillərinə, müşahidəçilərinə və məşvərətçi səs hüquqlu məntəqə seçki komissiyalarının üzvlərinə normal və maneəsiz şərait yaradılmışdır. Eləcə də mətbuatın səsvermə prosesini izləməsi zamanı hər hansı problem qeydə alınmamışdır. Həmçinin, müşahidə aparılan məntəqələrin əksəriyyətində exit-pollun keçirilməsi qeydə alınmışdır.
Məntəqələr üzrə gün ərzində yüksək seçici fəallığı müşahidə edilmiş, həmçinin xarici müşahidəçilər geniş heyətdə seçkiləri izləmişlər. Müşhidəçilərimizin olduğu ən ucqar seçki məntəqələrində belə yüksək seçici fəallığı qeydə alınıb. Dairə və məntəqələrdə yerli və beynəlxalq müşahidəçilər fəaliyyətlərini sərbəst qurmuş, gün ərzində seçki prosesini yaxından izləmişlər. Həmçinin, müstəqil müşahidəçilərin gün ərzində apardıqları monitorinqlər kifayət sayda çox olmuşdur.
Müşahidələrə əsasən deyə bilərik ki, prezident seçkiləri zamanı heç bir qanun pozuntusu baş verməmişdir. Seçkinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi və beynəlxalq normalara uyğunluğu yüksək səviyyədə təmin edilmişdir. İntensiv olaraq apardığımız müşahidələr bu seçkilərin demokratik cəmiyyət quruculuğu yolunda növbəti mühüm addım olduğunu göstərir. Bu seçkilərdə seçki texnologiyalarının tətbiqi imkanları daha da genişləndirilmiş, seçici hüquqlarını məhdudlaşdıra biləcək bütün digər hallar aradan qaldırılmışdır.
Beləliklə də, apardığımız müşahidələr göstərdi ki, 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkisi azad,demokratik və şəffaf, eyni zamanda beynəlxalq seçki prosedurlarına uyğun şəraitdə keçirilmişdir".
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.