...

Fərid Qayıbov: Bakıda azarkeşlərin dəstəyi və dostluq ab-havası sayəsində gimnastlar möhtəşəm çıxışlar nümayiş etdirəcəklər

Siyasət Materials 12 Aprel 2018 19:10 (UTC +04:00)
Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov Bakıda keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 26-cı Avropa çempionatını açıq elan edib.
Fərid Qayıbov: Bakıda azarkeşlərin dəstəyi və dostluq ab-havası sayəsində gimnastlar möhtəşəm çıxışlar nümayiş etdirəcəklər

Bakı. Trend:

Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov Bakıda keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 26-cı Avropa çempionatını açıq elan edib.

Trend-in məlumatına görə, yarışın açılış mərasimində çıxış edən F.Qayıbov bildirib: “Hörmətli qonaqlar! Əziz idmançılar! Avropa Gimnastika İttifaqı adından hamınızı Bakıda – batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 26-cı Avropa çempionatında salamlamaqdan məmnunluq duyuram. Bu gün biz 2018-ci ilin Avropa çempionatları mövsümünə start veririk”.

O qeyd edib ki, Yerli Təşkilat Komitəsi Avropa Gimnastika İttifaqı və Batut Gimnastikası üzrə Texniki Komitəsi ilə birgə bu yarışların yüksək səviyyədə keçirilməsi üçün böyük səylə hazırlaşıb: “Əlbəttə ki, idmançılar və məşqçilər də valehedici çıxışlarını sizə mükəmməl şəkildə təqdim etmək üçün çox çalışıblar. Onlara yarışların növbəti üç günü ərzində yaxşı çıxış etməyi arzulayıram”.

F.Qayıbov deyib ki, bu çempionat böyük gimnastlar üçün 2019-cu ilin Avropa Oyunları yarışlarına lisenziya xarakteri daşıyacaq, eyni zamanda, gənc idmançılara 2018-ci ilin Yeniyetmələr arasında Olimpiya Oyunlarının iştirakçıları siyahısına düşmək imkanı verəcək:

“Əminəm ki, gimnastika azarkeşlərinin dəstəyi və dostluq ab-havası sayəsində bizim gimnastlar yarış həyəcanını dəf etməyə nail olacaq və gimnastika səmasında füsunkar uçuşlar nümayiş etdirəcəklər. Sizə uğurlar və qələbələr arzulayır və batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 26-cı Avropa çempionatını açıq elan edirəm!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti