...

Azərbaycanın Belarusdakı səfirliyi Böyük Vətən Müharibəsində qələbənin 73-cü ildönümü ilə əlaqədar mitinq-anım mərasimi keçirib (FOTO)

Siyasət Materials 8 May 2018 12:27 (UTC +04:00)
Azərbaycanın Belarusdakı səfirliyi Böyük Vətən Müharibəsində qələbənin 73-cü ildönümü ilə əlaqədar Minsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə qoyulmuş xatirə lövhəsinin qarşısında mitinq-anım mərasimi keçirib.
Azərbaycanın Belarusdakı səfirliyi Böyük Vətən Müharibəsində qələbənin 73-cü ildönümü ilə əlaqədar mitinq-anım mərasimi keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Belarusdakı səfirliyi Belarus Azərbaycan İcmaları Konqresinin və Minsk şəhərində fəaliyyət göstərən “Qobustan” cəmiyyətinin iştirakı ilə may ayının 7-də Böyük Vətən Müharibəsində qələbənin 73-cü ildönümü ilə əlaqədar Minsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə qoyulmuş xatirə lövhəsinin qarşısında mitinq-anım mərasimi keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə səfir Lətif Qəndilov çıxış edərək Böyük Vətən Müharibəsində qələbəyə Azərbaycan xalqının böyük töhfə verdiyi bildirib. Qeyd olunub ki, Böyük Vətən Müharibəsi zamanı 600 mindən artıq azərbaycanlı cəbhəyə getmiş, onlardan 400 mini həlak olmuş və itkin düşmüşdür. Böyük Vətən Müharibəsində Sovet hərbi texnikasının 90 faizi Azərbaycan neftinin hesabına hərəkət etmişdir.

Səfir təəssüflə bildirib ki, alman faşizmi üzərində Qələbəyə bu qədər töhfə vermiş Azərbaycanın bu gün 20 faiz torpağı erməni işğalı altındadır. Bu cür ikili standarta son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu gün dünyada mövcud çağırışlar və təhdidlər bu məsələnin tezliklə həll olunmasını tələb edir.

Səfir Belarusun alman faşistlərindən azad olunması uğrunda minlərlə Azərbaycanlının həlak olduğunu qeyd edərək, bu döyüşlərdə iştirak edərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 8 nəfər azərbaycanlılardan birinin də Nəcəfqulu Rəfiyev olduğunu söyləyib.

N.Rəfiyev Belarusun Babruysk, Baranoviç, Minsk, şəhərlərinin Mogilyov vilayətinin bir sıra yaşayış məntəqəsinin işğalçılardan azad olunmasında böyük qəhrəmanlıqlar göstərmişdir. Səfir gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün N.Rəfiyev kimi qəhrəmanların döyüş yolunun öyrənilməsinin və təbliğinin əhəmiyyətini vurğulayaraq, azərbaycanlı qəhrəmanların xatirəsinə göstərilən ehtirama görə Belarus xalqına minnətdarlığını bildirib.

Sonra MDB İcraiyyə Komitəsinin sədrinin birinc müavini Viktor Quminski və Minsk şəhər Moskva rayonunun İcraiyyə Komitəsinin sədr müavini Vitali Brel çıxış edərək Belarusun alman faşistlərindən azad olunması uğrunda Azərbaycan xalqının qəhrəman oğullarının göstərdikləri şücaətə görə minnətdarlıqlarını bildiriblər.

Rəsmi çıxışlardan sonra məktəblilərin ifasında Böyük Vətən Müharibəsinə aid şerlər səsləndirilib.

Tədbir iştirakçıları Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin barelyefinin qarşısına çiçək dəstələri qoyublar.

Tədbirdən sonra ərazidə yerləşən 170 saylı orta məktəbin direktoru Səfir Lətif Qəndilova yaxınlaşaraq, məktəbə N.Rəfiyevin adının verilməsi üçün aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq istədiklərini bildirib. Səfir məsələ ilə bağlı lazım olan köməkliyi göstərməyə hazır olduğunu bildirib.

Tədbirdə Qırğızıstanın, Moldovanın, Tacikistanın, Türkmənistanın Belarusdakı səfirləri və Rusiyanın MDB-dəki daimi nümayəndəsi iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti