...

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının tarixi rəmzlərindən olan “Qu quşları” fəvvarəsi yenidən qurulub (FOTO)

Siyasət Materials 28 Avqust 2018 15:40 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının tarixi rəmzlərindən olan “Qu quşları” fəvvarəsi yenidən qurulub.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının tarixi rəmzlərindən olan “Qu quşları” fəvvarəsi yenidən qurulub (FOTO)

Bakı. Cani Babayeva – Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 60-cı illərdə Bakı bulvarının "Azneft" dairəsi ərazisində sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanı olan “Qu quşları” fəvvarəsi öz ilkin memarlığının prototipi əsasında yenidən bərpa olunaraq istifadəyə verilib.

Trend-in məlumatına görə, Mehriban Əliyevanın tapşırığına əsasən tarixi ənənələrin qorunması ideyasına söykənən layihə üzərində işlər qısa müddətdə həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda insanların istirahəti və asudə vaxtını səmərəli keçirməsinə böyük diqqət ayrılır, müvafiq və səmərəli işlər aparılır. İldən-ilə paytaxtda və regionlarda istirahət guşələri çoxalır – yeni parklar, xiyabanlar, bağlar, uşaq meydançaları tikilir, əsaslı təmir olunur və yenidən qurulur. İctimai yerlərdə yeni yaşıllaşdırma zolaqları salınır, abadlaşma işləri aparılır.

Bakıda isə şəhər sakinləri və çoxsaylı qonaqların ən sevimli istirahət məkanlarından biri də əlbəttə ki, Dənizkənarı Milli Parkdır. Dənizkənarı Park həm sakinlərin, həm də çoxsaylı xarici turistlərin heyran olduğu böyük istirahət zonasıdır. Bakı bulvarının infrastrukturu ən yüksək tələblərə cavab versə də, burada quruculuq və abadlaşdırma işləri daim davam edir.

Yaşı 100-dən çox olan Bakı bulvarının “Mirvari” kafesi, “Kiçik Venesiya” kimi öz əlamətdar məkanları var. Nə vaxtsa bulvarda daha bir əfsanəvi məkan olub – “Qu quşları” fəvvarəsi.

Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “7 gözəl” poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə dərhal sakinlərin ürəyincə oldu və necə deyərlər, paytaxtın “əfsanəvi” məkanına çevrildi. Məhz bu “Qu quşları” fəvvarəsi fonunda insanlar şəkillər çəkdirir, görüşlər təyin edir, hovuzda “üzən” qu quşlarına baxıb zövq alırdılar, şəhərin qonaqları isə gözəl Bakıya yenə də qayıtmaq arzusu ilə hovuza qəpik atırdılar.

Qeyd edək ki, 1960-80-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, o cümlədən Bakıda memarlıq kompleksləri və paytaxtın simasını dəyişən binalar inşa edilirdi.

Ötən əsrin 60-80-ci illərində Bakıda gözəl memarlıq ansamblları tikildi, nəfis heykəltəraşlıq kompozisiyaları quraşdırıldı. Həmçinin köhnə fəvvarələr bərpa olundu, yeniləri tikildi. Onların arasında üzən "qu quşları" olan fəvvarə də var idi.

Əlavə edək ki, ötən əsrin 60-cı illərində görkəmli memarlar Vadim Şulgin və Həsənağa Məcidovun yaradıcı söhbətləri zamanı kağız üzərində formalaşmış “Qu quşları” fəvvarə kompozisiyası mütəmadi olaraq yenilənib. Belə ki, 80-ci illərdə həmin memarlıq ansamblına yeni hidrotexniki mühəndis qurğusu (fəvvarə) əlavə olunub və yeni işıqlandırma ilə təchiz olunub. 90-cı illərin əvvəllərində fəvvarə baxımsızlıq səbəbindən dəyişikliyə uğramış, qu quşlarının sayı azaldılmış və ərazi kiçildilmişdi. 2007-ci ildə isə Bakı bulvarının yenidən qurulmasından sonra “Qu quşları” fəvvarəsinin yerində mərmər fəvvarə kompleksi inşa edilmişdi.

Lakin Bakı sakinlərinin hər zaman tarixi “Qu quşları” fəvvarəsi ilə bağlı nostalgiyası olub. Bu baxımdan Bakının tarixi rəmzlərindən birinin ilkin görünüşündə sakinlərin ixtiyarına verilməsi, şəhərin simasının daha da gözəlləşdirilməsi, ənənələrin yaşadılması və müasir memarlıqda tarixi izlərin qorunması böyük əhəmiyyət daşıyır.

“Qu quşları” fəvvarəsinin bərpası üzərində işlər zamanı müasir texniki tələblərlə yanaşı, onun tarixi görünüşü maksimum dəqiqliklə yenidən yaradılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 ədəd qu quşu heykəli hazırlanıb.

Layihə üzrə işlərdə əsas məqsəd xatirəsi yaşlı nəslin yaddaşında və bir çox fotolarda qalan bu əfsanəvi məkanı bərpa etmək idi. Buna görə də tarixi fəvvarənin bərpası üzrə işləyən komanda eyni zamanda qarşıya qoyulan tapşırığın ciddiliyini və əhəmiyyətini anlayaraq layihə üzərində böyük məmnuniyyətlə çalışıblar.

Gündüz olduğu kimi, axşam saatlarında da gözəl görünməsi üçün hovuz kompleksində xüsusi işıqlandırma quraşdırılıb.

“Qu quşları” fəvvarəsinin bərpasından sonra Bakı bulvarı və ümumilikdə Azərbaycan paytaxtı daha bir vizit kartı, tarixi keçmişin və gözəl gələcəyin rəmzini əldə edəcək. Öz zərifliyi ilə heyran edən fəvvarə heç şübhəsiz ki, bakılıların qürur duyduğu məkan olacaq və öz gözəlliyi ilə şəhərin çoxsaylı qonaqlarını valeh edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti