...

Ombudsman: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda daha yüksək nailiyyət əldə edə biləcək (FOTO)

Siyasət Materials 26 Oktyabr 2018 12:54 (UTC +04:00)
Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda daha yüksək nailiyyət əldə edə biləcək
Ombudsman: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda daha yüksək nailiyyət əldə edə biləcək (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda indiyə qədər gedən inkişaf prosesləri ölkəmizin artıq 30 ildir ki, ağır itkilərlə nəticələnən erməni təcavüzü şəraitində, hələ də torpaqlarımızın 20 faizi zəbt olunduğu, əhalinin 1 milyon nəfərdən çoxu qaçqın və məcburi köçkün həyatı yaşadığı bir dönəmdə baş verir.

Trend-in məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “2030-ci ilədək, Dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq” adlı sessiyada çıxışı zamanı deyib.

E.Süleymanova qeyd edib ki, sülh Azərbaycan üçün xüsusi məna daşıyır: “Sülhün əsl mahiyyətini, əhəmiyyətini yaşamaq və inkişaf üçün zəruriliyini müharibə əzablarını çəkən xalqlar xüsusi həssaslıqla dərk edir. Bu baxımdan, dayanıqlı inkişafa insanların rifahının yüksəlməsinə yönəlmiş müstəqil Azərbaycan dövləti üçün sülh və inkişaf ayrılmaz amillər olaraq hər zaman prioritet təşkil edir”.

Ombudsman vurğulayıb ki, müstəqilliyimizi ikinci dəfə əldə edəndən sonra 1993-cü ildə hakimiyyətə qayıtmış ümummilli liderimiz Heydər Əliyevin hərtərəfli islahatlarla iqtisadi, sosial, insan hüquqlarının bərqərar olunması sahəsində ilk təşəbbüslərindən biri müharibəyə, erməni təcavüzünə son qoymaq niyyətilə ikitərəfli razılıqla atəşkəs qərarı olub:

“Lakin həm bu razılığa, həm də zəbt olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə və məsələnin sülh yolu ilə həll olunması ilə bağlı nüfuzlu beynəlxalq qurumların qərarlarına, tövsiyələrinə və rəylərinə əks tərəfin saymazyana münasibəti və yanaşması davam edir. Ölkə Prezidenti cənab İlham Əliyev çoxsaylı sammitlərin, beynəlxalq tədbirlərinin yüksək tribunalarından Azərbaycanın ədalətli sülhə, BMT-nin Sülh və İnkişaf hüquqlarının müdafiəsinə yönəlmiş çoxsaylı konvensiyalarına, bəyannamələrinə və qətnamələrinə, dövlətlərin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmaqla qeyd-şərtsiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülhün bərqərar olunması, zəbt olunmuş Azərbaycan torpaqlarının azad olunması, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması və bütün insan hüquqlarının bərpa olunmasına yönəlmiş, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və səlahiyyətli beynəlxalq qurumları bu məqsədlə konkret tədbirlərin görülməsi ilə nail olmağa çağırmışdır. Bu isə birbaşa Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir”.

E.Süleymanovanın sözlərinə görə, bu da bir həqiqətdir ki, son vaxtlar Azərbaycanın ədalətli sülh naminə nüfuzlu təəssübkeşlərinin (Avropa İttifaqı, NATO, və b.) sayı artmaqdadır:

“Mən əminəm ki, əgər Azərbaycan 2000-2015-ci illər üçün Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üzrə bəzi göstəricilərə görə 128 ölkə arasında öndərlər sırasında yer tutubsa, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda daha yüksək nailiyyət əldə edə biləcək”.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti