...

Bəhruz Quliyev: Ermənistanın siyasi qütblərini dəyişməsi bu ölkəyə baha başa gələcək

Siyasət Materials 23 Noyabr 2018 14:45 (UTC +04:00)
Ermənistanın siyasi qütblərini dəyişməsi bu ölkəyə baha başa gələcək.
Bəhruz Quliyev: Ermənistanın siyasi qütblərini dəyişməsi bu ölkəyə baha başa gələcək

Bakı. Samir Əli - Trend:

Ermənistan növbədənkənar seçki ərəfəsindədir, buna baxmayaraq, ölkədə davam edən siyasi böhran hələ də davam edir. Bunun isə bir neçə köklü səbəbləri var. Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev işğalçı ölkədə “məxməri inqilab” adlanan qiyamdan sonra hakimiyyətə yiyələnmiş Nikol Paşinyanın anti-Rusiya siyasətini şərh edərkən deyib.

Onun sözlərinə görə, istər N.Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyası, istərsə də yeni yaradılan və ultra radikallığ ilə seçilən “Sasna srer” (“Sasunun ərənləri” – red.) partiyası bütün cəhdlərində Rusiya əleyhinə bəyanatlar yayır, bununla da vassallıq siyasətlərinin Şimaldan Qərbə doğru dəyişdiklərini sübut edirlər:

“Xatırlatmaq istərdim ki, “Sasna srer” təmsilçiləri məhz Serj Sarkisyanın hakimiyyəti dövründə İrəvanda silahlı qiyam törədərək, Ermənistanın Rusiyadan asılılığına qarşı polislərin qətlə yetirilməsi ilə nəticələnmiş terror aksiyasını həyata keçirmişdilər. Maraqlısı da budur ki, onların azadlığa buraxılmasında əsas canfəşanlığı da məhz Nikol Paşinyan göstərdi. Gördüyümüz kimi, artıq onlar parlament seçkilərinə partiya qismində qatılmağa hazırlaşırlar. Söz yox ki, Qərbin dəstəyi ilə. Əbəs deyil ki, terror olayına rəhbərlik etmiş, bu gün isə deputat olmağa hazırlaşan “Sasna srer”in lideri, o cümlədən, birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilmiş Jirayr Sefilyan seçkilərlə bağlı keçirdiyi mətbuat konfransında parlamentə keçəcəkləri halda, Rusiya ilə siyasətə yenidən baxılacağı ilə bağlı tələblərlə çıxış edəcəklərini bəyanat olaraq səsləndirib. Misal üçün, İrəvanın KTMT-dən və Avrasiya İqtisadi İttifaqı tərkibindən çıxması, Rusiya hərbi bazalarının ölkədən çıxarılması ətrafında səslənən fikirlərdən də bu cür nəticəyə gəlmək olar ki, artıq bu siyasət onlarda prioritetlik təşkil edir”.

Ekspertin sözlərinə görə, lakin bu da son deyil və Ermənistanda aşırı millətçilik tərəfdarları olanların ölkənin bütövlükdə Rusiyanın təşəbbüsü ilə yaradılan bütün qurumlardan, o cümlədən MDB-dən çıxması ətrafında fikirlər bildirməsinə şübhəsiz ki, Kreml göz yummayacaq. Qərbə yönəlik siyasət ilk növbədə Ermənistanın iqtisadi-siyasi problemlərini artıracaq:

“Biz yaxşı bilirik ki, Ermənistanın ayaqda qalmasına əsas dəstək verən faktor yuxarıda adlarını çəkdiyim təşkilatlardır və bu təşkilatlara nəzarət edən Rusiya dövlətidir. O cümlədən, Qərbin şərqə doğru genişlənməsi planında Ermənistanı öz forpostu olaraq seçməsi heç də bu ölkənin resursları ilə əlaqələndirilə bilməz. Çünki Ermənistanda mövcud olan iqtisadi tənəzzül bu ölkənin iqtisadiyyatının yenidən ayağa qalxması üçün heç bir üstünlük verə bilməz. Daha doğrusu, Ermənistanın çökmüş iqtisadiyyatının bərpası üçün bundan sonra yüz illər və milyardlarla dollar sərmayə lazımdır. Əlbəttə, Qərb bunu etməyəcək. Qərbə qeyd etdiyim kimi, sadəcə, regiona nəzarət etmək lazımdır və Ermənistan da bunun üçün bir oyuncaq vasitədir. Biz bu gün eyni vəziyyəti Ukraynada da görürük. Lakin Ermənistan Ukraynadan fərqli olaraq daha ağır durumdadır. Şübhəsiz ki, bu ölkənin rəhbərliyinin Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsi onun vəziyyətini daha da çıxılmaz edir”.

B.Quliyev son günlər Rusiyanın tanınmış jurnalisti, “Qovorit Moskva” radiostansiyasının rəhbəri Sergey Dorenkonun Ermənistanla bağlı ittihamlarını da xatırladaraq deyib ki, məhz işğalçı ölkənin Rusiyadakı səfirliyi ilə baş verən qalmaqallarda S.Dorenko Ermənistanı bütün çılpaqlığı ilə vəsf edib: “Onun Paşinyanı hədəfə alaraq, ermənilərin siyasətinin kökünə zərbə vurması da Ermənistanın anti-Rusiya siyasəti yürütməyə başlaması ilə əlaqələndirilməlidir. Rusiyalı jurnalist Paşinyan hakimiyyətinin səriştəsizliyindən, onun bacarıqsızlığından danışıb. Bu dedikləri də həqiqətdir. Həqiqətən də Paşinyan siyasət adamı yox, küçə adamı kimi daha çox tanınır və söz yox ki, siyasətin də nə olduğunu anlamır. Belə olan halda, rus jurnalistin haqlı ittihamları ermənilərdə qıcıq yaradıb. Ancaq rus siyasəti bu qıcığı da yox etməyə və Ermənistan hakimiyyətini yerinə otuzdurmağa qadirdir".

Baş redaktor Ermənistan hakimiyyətinin bir əlində iki qarpız tutması cəhdinə də münasibət bildirib və bu ölkənin həm ABŞ-la, həm də İranla eyni siyasət yürütməsinin mümkünsüz olduğunu bildirib:

“Necə ola bilər ki, bir-biri ilə düşmən münasibətdə olan iki ölkə ilə eyni müstəvidə partnyorluq edəsən? Düşünürəm ki, bu siyasi baxış da Ermənistana yeni problemlər yaradacaq və hətta “nəfəs borusu” kimi təqdim edilən İran belə, bu ölkədən imtina edəcək. Bu isə səfil və siyasi böhranlar işində çabalayan Ermənistana daha ağır, sarsıdıcı zərbələr vuracaq. Belə vəziyyətdə Türkiyə və Azərbaycan faktorunu da nəzərə alsaq, bu zaman Paşinyan hakimiyyətinin və ona dəstək verən “Sasna srer” kimi siyasi təşkilatların qısa zamanda iflasa uğrayacaqlarını, ölkədə xalq qiyamının baş qaldıracağını əminliklə deyə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti