Bakı. Trend:
Buxarest şəhərində keçirilmiş “Xəzər Dənizi – Qara Dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin dördtərəfli görüşü nəticəsində Buxarest Bəyannaməsi qəbul edilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sənəddə deyilir:
"Daha geniş bölgə boyunca sabitliyin və dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Türkmənistan arasında iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək və genişləndirmək məqsədilə 4 mart 2019-cu il tarixində Rumıniyanın Buxarest şəhərində Xarici işlər nazirlərinin ilk xüsusi Görüşü təşkil edildi.
Görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri cənab David Zalkaliani, Rumıniyanın xarici işlər naziri cənab Teodor-Viorel Meleşkanu və Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Mərədov iştirak etdilər.
Nazirlər,
Suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmətlərini bir daha təsdiq etdilər;
Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Türkmənistan arasında sahəvi əməkdaşlığın cari uğurlarını vurğulayaraq, ticarət və iqtisadi münasibətlərin genişləndirilməsinə çağıraraq və regionlararası bağlılığı təşviq edərək;
Qlobal ticarətə və səmərəli nəqliyyat bağlılığına artan beynəlxalq əhəmiyyəti nəzərə alaraq, dördtərəfli əməkdaşlıq formatında Qara dəniz və Xəzər dənizi arasında beynəlxalq nəqliyyat marşrutunun inkişafı ilə bağlı bütün dörd ölkə üçün mühüm layihəni qeyd etdilər;
Qara dəniz və Xəzər dənizi ölkələrinin Avropa və Asiyanı birləşdirən rəqabətqabiliyyətli əlaqə qismində Qara dəniz-Xəzər dənizi yük daşımaları marşrutunun daha da təşviqində mühüm rol oynadığını vurğuladılar;
Qara dəniz-Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan əraziləri boyunca Asiya dövlətlərindən Xəzər dənizi və Qara dəniz vasitəsilə Avropaya malların səmərəli daşınmasının qurulmasını hədəfləmiş digər oxşar regional layihələri tamamlayacağını vurğuladılar;
Avropa Qonşuluq Siyasətinin və Mərkəzi Asiya üzrə Aİ Strategiyasının əsas elementlərindən biri kimi təşkmilləşdirilmiş qarşılıqlı bağlılığın prioritetliyini vurğulayaraq, karqonun səmərəli daşınması üçün alternativ marşrut və Mərkəzi və Şimal-Qərbi Avropa su kanalları ilə vacib əlaqə kimi Konstanta limanı və Dunay çayı arasında birbaşa marşrutu inkişaf etdirmək üçün bütün zəruri şəraitlərin yaradılmasının vacibliyini qeyd etdilər;
Avropa İttifaqını Mərkəzi Asiya ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan üzərindən keçməklə birləşdirən beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək üçün Aİ ilə mövcud və digər potensial əməkdaşlıq formatlarından ən yaxşı şəkildə yararlanmağın vacibliyini vurğuladılar;
Beynəlxalq nəqliyyat marşrutu çərçivəsində layihələrin və təşəbbüslərin həyata keçirilməsində özəl müəssisələrin və biznes dairələrinin fəal iştirakının təşviqinin vacibliyini vurğuladılar, həmçinin beynəlxalq tərəfdaşları konsepsiya çərşivəsindəki təşəbbüslərin həyata keçirilməsində fəal əməkdaşlığa çağırdılar,
Regional iqtisadi əməkdaşlığın və inteqrasiyanın artım üçün geniş imkanlar təklif etdiyini, habelə daha geniş regionda mövcud olan uzunmüddətli iqtisadi potensialdan istifadə etməyə və onu inkişaf etdirməyə kömək edə biləcəyini təsdiqlədilər, eləcə də regionda iqtisadi rifahın əldə edilməsində təsirli vasitə olan iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin zərurətini vurğuladılar,
Bakı Beynəlxalq Dəniz Limanı infrastrukturunun inkişafında əldə edilən nailiyyətlər ilə yanaşı, Ələtdəki Azad İqtisadi Zonanın (AZ), Batumi limanlarının (GÜR), Poti (GÜR), Constantsa (RUM) və Türkmənbaşı Beynəlxalq Dəniz Limanının (TM) yaradılması, habelə Anakliya (GÜR) Dərin Dəniz Limanının tikilməsini vurğuladılar, beynəlxalq nəqliyyat marşrutunun müvəffəqiyyətli və effektiv istismarı üçün qeyd olunan limanların təklif etdiyi vasitələr / imkanlardan faydalanmanın əhəmiyyətini önə çəkdilər,
Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutu daxilində və xaricində malların sürətli və təhlükəsiz daşınmasını təmin edəcək bütün dörd iştirakçı dövlətdə yerinə yetirilən digər infrastruktur layihələrinin inkişafını önə çəkdilər,
Sürətli və effektiv tərəqqinin təmin edilməsi üçün praktik addımların həyata keçirilməsini razılaşdırdılar, xüsusilə də:
- Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun (bundan sonra "BSCS beynəlxalq nəqliyyat marşrutu") yaradılması təşəbbüsünün səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə, danışıqlar aparmaq və bütün texniki aspektlər üzrə əməkdaşlıq etmək üçün dörtərəfli ekspert işçi qrupunun təsis edilməsi;
- əməliyyat proseduralarının optimallaşdırılması və müvafiq milli orqanların səmərəli əməkdaşlığının təmin edilməsi yolu ilə BSCS beynəlxalq nəqliyyat marşrutunun fasiləsiz işləməsini təmin etmək;
- BSCS beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması üçün tariflərin uyğunlaşdırılması və gömrük proseduralarının sadələşdirilməsi işini asanlaşdırmaq;
- bu layihənin həyata keçirilməsi üçün iştirakçı dövlətlərin milli operatorları arasında əməkdaşlığı asanlaşdırmaq;
- mövcud təhdidlərin yumşaldılması məqsədilə, müvafiq tədbirlərin görülməsi üçün dəhliz boyunca qalan infrastruktur boşluqlarını və asanlaşdırma ehtiyaclarını müəyyənləşdirmək;
- BSCS beynəlxalq nəqliyyat marşrutunu digər maraqlı dövlətlər və beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə birgə təşviq etmək, müvafiq infrastrukturu daha da inkişaf etdirmək və əlavə yük axınlarını cəlb etmək;
- BSCS beynəlxalq nəqliyyat marşrutunun təhlükəsiz, səmərəli, əlverişli və ekoloji cəhətdən əsaslandırılmış şəkildə istifadəsini təşviq etmək;
- nəql olunma prosesinin bütün tərəfləri üçün rəqabət şəraitinin təmin edilməsi məqsədilə, iştirakçı dövlətlərin nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsini nəzərdən keçirmək;
- bərələrin işlənmə müddətinin azaldılması, ixrac-idxal proseduralarının sadələşdirilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması baxımından rəqəmsal texnologiyalardan istifadənin və qabaqcıl informasiya mübadiləsi sisteminin tətbiqini təşviq etmək;
- beynəlxalq nəqliyyat marşrutu olan Qara dəniz – Xəzər dənizi coğrafiyasını genişləndirmək məqsədilə maraqlı ölkələrlə dialoqu davam etdirmək;
- nailiyyətləri qiymətləndirmək və Qara dəniz – Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun təşviqi üçün növbəti addımları planlaşdırmaq məqsədilə ildə bir dəfədən az olmamaq şərtilə Nazirlər səviyyəsində mütəmadi görüşlər keçirmək".
Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan xarici işlər naziri David Zalkaliani, Rumıniya xarici işlər naziri Teodor-Viorel Meleşkanu, Türkmənistan xarici işlər naziri Rəşid Mərədov imzalayıblar.