...

Fransa-Azərbaycan Universitetində Şərq Tərəfdaşlığı müzakirə edilib

Siyasət Materials 3 May 2019 21:13 (UTC +04:00)
Fransa-Azərbaycan Universitetində keçirilən beynəlxalq konfransda Avropanın gələcəyi və Şərq Tərəfdaşlığının 10 illiyi dünyaca məşhur alim və siyasətçilərlə müzakirə edilib.
Fransa-Azərbaycan Universitetində Şərq Tərəfdaşlığı müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdindəki Azərbaycan-Fransız Universitetində (UFAZ) mayın 1-dən 15-dək keçirilən IMAGINE-2019 III Avropa Tolerantlıq Festivalı çərçivəsində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində son on ildə qazanılmış nailiyyətlər və onun perspektivləri müzakirə olunub.

Konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas təşkilatçılara təşəkkür edərək bildirib ki, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində son on ildə qazanılmış nailiyyətlərin müzakirəsi onun reallaşdırılmasının davamı baxımından əhəmiyyətlidir.

Beynəlxalq konfransın moderatoru, Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə böyük analitiki, publisist Amanda Pol qeyd edib ki, dəfələrlə Azərbaycanda olub və hər gəldiyində ölkənin dinamik inkişafını müşahidə edib. Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı” təşəbbüsünə postsovet məkanında bir neçə dövlətlərin qarşılaşdığı müxtəlif çağırışların fonunda 10 il əvvəl başlanılıb. “Şübhəsiz ki, bu 10 il ərzində həm Avropa ölkələrində, həm də proqramda iştirak edən dövlətlərdə ciddi dəyişikliklər baş verib. Brexit və Avropa zonasına təsir göstərəcək Avropa Parlamentinə qarşıdakı seçkilər bunun bariz nümunəsidir”, - deyə o qeyd edib.

Sonra Litvanın sabiq xarici işlər naziri, bu ölkənin Rusiyadakı keçmiş səfiri Viqaudas Uşatskas “Şərq tərəfdaşlığı” proqramının yaradılması məqsədlərindən danışıb. O vurğulayıb ki, proqram Avropanın qonşuluq siyasəti adlanan platformanın davamı olub. Avropa İttifaqı bununla ətrafındakı ölkələr ilə dostluq niyyətini təsdiq edib. ““Şərq tərəfdaşlığı” proqramının əsas məqsədlərindən biri proqramda iştirak edən dövlətlərlə müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda əməkdaşlığın dərinləşdirilməsidir. Şərq tərəfdaşlığı Avropa İttifaqının qonşu dövlətlərlə mühüm qonşuluq əlaqələrinin inkişaf etdirilməsidir”, - deyə o vurğulayıb.

Beynəlxalq Qara dəniz Universitetinin assosiativ professoru Georgi Mçedlişvili (Gürcüstan) deyib ki, Gürcüstan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində dərhal son məqsədi Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdan ibarət ölkələrin sırasına qoşuldu. O əlavə edib: “Gürcüstanda buna əngəl olmaq istəyən qüvvələrin, həmçinin kənardan təzyiqlərin olmasına baxmayaraq, ölkəmiz Avropa ailəsinə üzv olmaq yolunda inamla addımlayır”. Onun sözlərinə görə, bu on il ərzində gürcü cəmiyyəti daha çox avropalı kimi düşünməyə başlayıb, bu ölkədə Şərq tərəfdaşlığı üzrə Avropa məktəbi fəaliyyət göstərir, Gürcüstanın proqrama qoşulduğu gün isə Avropa Günü kimi qeyd edilir. “Bu on il ölkəmiz üçün islahatlar və dəyişikliklər dövrü oldu”, - deyə gürcü professor sözlərinə yekun vurub.

Beynəlxalq münasibətlər üzrə Kral İnstitutu Akademiyasının üzvü Zaur Şiriyev (Azərbaycan) qeyd edib ki, bu 10 ildə Azərbaycan cəmiyyətində ciddi transformasiya və liberallaşma prosesləri baş verib, Avropa İttifaqı ölkələrinin Azərbaycana marağı xeyli artıb. Onun sözlərinə görə, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişlə bağlı müzakirələr başa çatmaq mərhələsindədir. Z.Şiriyev əlavə edib: “Bir çox sahələrdə, xüsusən kənd təsərrüfatı, vətəndaş cəmiyyəti üzrə müxtəlif layihələr həyata keçirilib. Düşünürəm ki, bu proses gələcəkdə də davam edəcək”.

Yunanıstanın Avropa və Xarici Siyasət Fondunun prezidenti, professor Lukas Tsukalis “Şərq tərəfdaşlığı” proqramını özünü tam şəkildə doğruldan iddialı siyasi eksperiment adlandırıb. O, həm Avropa zonası, həm də proqramda iştirak edən ölkələrdə böhranlardan, risklərdən və yeni çağırışlardan bəhs edib.

Beynəlxalq konfrans digər natiqlərin çıxışları ilə davam edib, iştirakçıların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti