Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycanın Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən Sverdlovsk vilayəti ilə əlaqələrinin genişlənməsinin məmnunluq doğurduğu bildirildi.
Söhbət zamanı Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin 85 faiz artması iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirildi, ticarət dövriyyəsinin daha da artırılması üçün lazımi potensialın mövcud olduğu vurğulandı. Eyni zamanda, Bakıda keçiriləcək biznes forumun əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Son illər Rusiyadan Azərbaycana gələn turistlərin sayının durmadan artdığı vurğulanaraq, Sverdlovsk vilayəti ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin önəmi bildirildi.
Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən sənaye, maşınqayırma sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşu, mədəniyyət, təhsil sahələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edildi.