...

XİN: ABŞ Dövlət Departamentinə etiraz notası ünvanlanacaq

Siyasət Materials 30 Oktyabr 2019 16:52 (UTC +04:00)
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb.
XİN: ABŞ Dövlət Departamentinə etiraz notası ünvanlanacaq

Bakı. Trend:

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun “nümayəndəsinin” ABŞ-a getməsi ilə bağlı ünvanlanan sualı Trend-ə cavablandırarkən deyib.

L.Abdullayeva bildirib ki, səfirliyimiz tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb:

"Eyni zamanda, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədrinə də bu xüsusda etirazımız çatdırılıb.

Qondarma qurumun təmsilçisinin viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb.

ABŞ tərəfi M.Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb.

Qeyd etmək istərdik ki, sözügedən məsələ ilə bağlı ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Dövlət Departamentinə etiraz notası ünvanlanacaq. Eyni zamanda, Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakı Səfirliyinə etirazını bildirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti