...

AXC hakimiyyətinin kadrlar korpusu milli dövlətçilik tarixinin utancverici səhifəsidir - Siyasi ekspert

Siyasət Materials 22 Noyabr 2019 17:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin Sumqayıtın 70 illiyində AXC - Müsavat hakimiyyəti haqqında dedikləri möhkəmlənmiş ictimai rəydir və hər hansı formada mübahisə doğura bilməz.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, erkən müstəqillik dövrünün ilk bir ilini əhatə edən bu dövrün bütün proses və nəticələri cəmiyyətin gözü qarşısında olub və xalqın mütləq çoxluq təşkil edən hissəsi canlı şahiddir:

"AXC-Müsavat hakimiyyətinin ümumi kursunun və bütün vəzifəli şəxslərinin uğursuzluğu ən yaxın tariximizin təkzibolunmaz faktlarldır. Bir illik siyasi hakimiyyət kursunun sonda uğursuzluğa düçar olması qaçılmaz zərurət idi və bu hakimiyyətin layiq olduğu həmin sonluq məhz icra başçılarından tutmuş prezidentə qədər bütün kadrların səriştəsizliyinin, təcrübəsizliyinin, lovğalığının, siyasi eqoizminin, siyasi savadsızlığının, yersiz qisasçılığının, dağıdıcılığının qaçılmaz nıticələri idi. AXC hakimiyyətinin bir illik uğursuzluğunu və dövlətçilik üçün fəlakətli sonluğunu onun özünün vəzifəli kadrları hazırladı. Bu hakimiyyətin çöküşündə başqa hər hansı kənar və ya xarici amili həlledici saymaq tamamilə yanlışdır və məlum tarixi gerçəkliyin saxtalaşdırılmasıdır. Əgər bu uğursuz və hətta öz peşələri sahəsində yarımçıq insanlar dövətin taleyini həll etmək yükünü öz çiyinlərinə almasaydılar, müstəqil dövlətçiliyimizin fundamenti daha tez və möhkəm qurulardı, illəri itirməzdik və ən əsası erməni təcavüzü bu qədər ağır nəticələr vermədən dayandırılardı. AXC-nin bir illik hakimiyyəti dövlət quruculuğu tariximizdə itirilmiş ildir, bu hakimiyyətin kadrlar korpusu isə milli dövlətçilik tarixinin utancverici səhifəsidir".

A.Quliyev bildirib ki, Prezidentin Sumqayıtda o dövrün kadrları və elitası barədə dedikləri Azərbaycanda ictimai və beynəlxalq rəylə tam üst-üstə düşür. Kimlərinsə bu fikirləri təftiş etmək cəhdlərinin heç bir perspektivi olmayacaq:

"Prezident ümumiyyətlə son 70 illik tariximizin bir sıra fakt və gerçəkliklərinin sadə və dərin təhlilini apardı. Dövlət başçısının AXC hakimiyyətinin ümumi uğursuzluğu və onun kadrlarının ağır məsuliyyət daşıdıqları barədə dedikləri də bu qəbildəndir. Doğrudur, Prezident o dövrün dövlət vəzifəlilərinin heç birinin adını çəkmədi. Ancaq o insanların siyasi portret cizgilərini və fəaliyyətlərini elə dəqiq əlamətlərlə ifadə etdi ki, Azərbaycanda, hətta beynəlxalq miqyasda çoxları söhbətin o dövrün prezidenti Əbülfəz Elçibəydən, parlament sədri İsa Qəmbərdən, dövlət katibi Əli Kərimovdan, baş nazir Pənah Hüseyndən, Müdafiə naziri Rəhim Qazıyevdən, Baş prokuror İxtiyar Şirinovdan və başqalarından getdiyini başa düşdü. O dövrün uğursuzluqlarını daha obyektiv təhlil etmək baxımından Prezidentin söylədikləri güclü təsir roluna malikdir.
Artıq dərhal barışmaz radikalların təbliğatçıları Prezident Əliyevin onların indiki fəaliyyətlərindən guya narahat olduğu üçün belə çıxışlar etdiyinə dair reallığa qəti uyğun gəlməyən nəticələr çıxarmağa və ictimai fikri başqa yerə yönəltməyə çalışırlar. Təbii ki, bu cəhdlərin inandırma gücü qətiyyən yoxdur. Çünki hazırda heç bir sosial bazası və sanballı xarici dəstəyi olmayan radikal şəxslərin hakimiyyət üçün təhlükə törətmək gücünün və perspektivinin yoxluğu mübahisəsizdir.

Prezidentin apardığı təhlilin daxili siyasi, strateji və beynəlxalq əhəmiyyəti var. Azərbaycan xalqı qiymətli bir mesaj aldı ki, belə təsadüfi qüvvələrin bir daha hakimiyyətə gəlişinə imkan vermək dövlətçilik və milli mənafelər üçün böyük risqdir. Fikrimcə, xalqımızın gələcəkdə də təsadüfi hakimiyyət iddiaçılarına layiqli münasibət göstərə bilməsində bu fikirlərin böyük rolu olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti