...

İtaliyalı müşahidəçi: Səsvermə qaydalarına ciddi surətdə riayət olunurdu (FOTO)

Siyasət Materials 10 Fevral 2020 11:26 (UTC +04:00)
İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndələri Axərbaycanda növbədənkənar seçki prosesindəki müşahidələrin nəticəsini mətbuat nümayəndələrinə açıqlayıb.
İtaliyalı müşahidəçi: Səsvermə qaydalarına ciddi surətdə riayət olunurdu (FOTO)

Bakı. Samir Əli - Trend:

İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndələri Axərbaycanda növbədənkənar seçki prosesindəki müşahidələrin nəticəsini mətbuat nümayəndələrinə açıqlayıb.

Trend-in məlumatına görə, İtaliya Parlamenti Deputatlar Palatası, Sosial Məsələlər üzrə Komitənin sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rosanna Boldi müşahidəçi qismində Azərbaycandakı seçki prosesini izləməyin çox maraqlı olduğunu bildirib:

"Ötən gün mən və həmkarım Bakıda və Bakıdan kənardakı seçki məntəqələrində olduq. Sumqayıtda 2 seçki məntəqəsində prosesi izlədik. Əsasən, diqqətimizi seçki qaydalarına riayət edilməsinə yönəltmişdik. Xüsusilə, səsverməyə gələnlərin sənədlərinin yoxlanması məsələsində ciddi nəzarət hiss etdik. Bir çox məntəqələrdə ultrabənövşəyi cihazlar və şəffaf mürəkkəblər vardı. Müşahidə kameraları işləyirdi. Müşahidəçilər arasında həm siyasi partiyalara aid, həm də müstəqil şəxslər vardı. Onların əksəri qadın və gənclərdən ibarət idi. Müşahidəçilərdən biri şikayətlənirdi ki, məntəqə sədri ona bülletenlərin şəklinin çəkilməsinə icazə verməyib. Seçki Məcəlləsində bu qaydalarla tanış oldum. Italiyada da bu qayda var. Seçki məntəqəsinə fotokamera ilə daxil olmaq qadağandır. Bundan başqa, əyləncəli dəqiqələr də yaşadıq. Seçki məntəqələrindən birində bizi səsverənlərlə səhv salmışdılar. Onlar deyirdilər ki, siz daha əvvəl başqa seçki məntəqəsində olmusunuz. Biz izah etdik ki, xarici müşahidəçiyik. Bunu xüsusilə qeyd etdim ki, seçki prosesinin necə şəffaf keçdiyindən əmin olasınız".

İtaliya Parlamentinin Səhiyyə Komitəsinin üzvü, Avropa Şurasında İtaliya nümayəndə heyətinin üzvü Mariya Rizotti də dünənki seçki prosesinin tam şəffaflıqla keçdiyini bildirib: "Səsvermə qaydalarına ciddi surətdə riayət olunurdu. Azərbaycan xalqına dəyər verən senatorlardan biriyəm. Avropadakı çıxışlarımda da vurğulayıram ki, Azərbaycan qadınlara böyük dəyər verir. 1918-ci ildə məhz bu ölkədə qadınlara ilk dəfə səsvermə hüququ tanınıb. Azərbaycan bununla bəzi Avropa və Amerika ölkələrini qabaqlayıb".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti