...

Musa Quliyev: 20 günlük karantin müddəti koronavirusun lokallaşması üçün kifayət deyil

Siyasət Materials 14 Aprel 2020 16:57 (UTC +04:00)
Musa Quliyev: 20 günlük karantin müddəti koronavirusun lokallaşması üçün kifayət deyil

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla gedir, dövlət tərəfindən gərəkən bütün işlər görülür. Lazım gələrsə, xüsusi karantin rejimini bir az da gücləndirmək lazımdır.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, koronavirus infeksiyası ilə bağlı son zamanlar vətəndaşlarda bir az arxayınlıq hiss olunur:

“Düşünürəm ki, arxayınlığa yol vermək olmaz. Lazım gələrsə, hətta karantin rejimini bir az da gücləndirmək lazımdır. Çünki eşitdiyimiz xəbərlər söyləməyə əsas verir ki, vətəndaşlarımızın çoxu bu təhlükəyə laqeyd yanaşır, karantin rejimini pozanların sayı artır. Belə hallara yol verməmək və məsuliyyəti daha da artırmaq lazımdır".

Deputatın sözlərinə görə, 2 saatlıq evdən çıxmaq icazəsini də müəyyən qədər məhdudlaşdırmaq və yaxud qrafikə salmaq lazımdır:

"Son günlər həkimlərimizin səyi nəticəsində müalicə olunub sağalanların sayının artması, ölüm sayının çox aşağı rəqəmdə olması bizi heç də arxayın salmalı deyil. Bu virusun xarakteri elədir ki, 20 gün əvvəl yoluxanlar indi ortaya çıxa və yoluxanların sayını artıra bilər. Düşünürəm ki, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatdırmaq üçün karantin rejimini uzatmaq lazımdır”.

Komitə sədri vurğulayıb ki, dünyada hələ karantin rejimindən tamamilə çıxan ölkə yoxdur:

“Virus Çində 4-5 ay bundan öncə başlayıb. Onlar bir ay öncə sevinərək epidemiyanı lokallaşdırdıqlarını bildirsələr də, indi epidemiyanın ikinci dalğası gəlməyə başlayıb. Digər ölkələrdə də prosesin sönməsi hələ görünmür, əksinə, şiddətlənmənin şahidi oluruq. Azərbaycanda koronavirusa yoluxma, ölüm göstəricilərin aşağı olması bizi sevindirir, ancaq heç bir halda bu bizi arxayın salmalı deyil".

M.Quliyev əlavə edib ki, vətəndaşların çoxu hələ də bu ağır və dəhşətli fəsadları ola biləcək infeksiyaya ciddi yanaşmırlar:

"Bir həkim kimi mənim münasibətim ondan ibarətdir ki, 20 günlük karantin müddəti koronavirusun lokallaşması üçün kifayət deyil. Biz bu bəlanın fəsadsız keçməsini istəyiriksə, karantin rejimini qoruyub saxlamalıyıq. Çünki bu epidemiyanın qarşısının alınmasının yeganə yolu sosial izolyasiya yoludur. Bu, həm psixoloji və sosial, həm də iqtisadi baxımdan çətindir. Ancaq bunların heç biri ölümlə, ağır xəstəliklə müqayisədə göz önünə alınası problem deyil. Ona görə mən bir daha vətəndaşlarımızı səbrli, məsuliyyətli olmağa çağırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti