...

Fəzail İbrahimli: Xalqımız öz dövlətinin qüdrətinə inanır

Siyasət Materials 16 Aprel 2020 11:53 (UTC +04:00)
Fəzail İbrahimli: Xalqımız öz dövlətinin qüdrətinə inanır

Bakı. Trend:

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının söylədiyi proqram xarakterli geniş nitqi ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuş və kütləvi informasiya vasitələrində geniş əks-səda doğurmuşdur.

Ölkə Prezidentinin dərin məzmun və mahiyyət daşıyan çıxışında əslində dövlətimizin strateji kursunun ilin ilk 3 ayında atılan taktiki addımları ifadə olunurdu.

Nəticələr onu göstərir ki, Prezident İlham Əliyevin böyük siyasi əzmlə başladığı çoxşaxəli islahatlar kursu ardıcıllıqla davam etməkdədir. Dünyanın yeni bir mərhələyə qədəm qoyduğu və hətta ən inkişaf etmiş ölkələrin böyük problemlərlə üzləşdiyi bir zamanda Azərbaycan öz dinamik inkişaf tempini qoruyub saxlayır. Bəşəriyyətin varlığını təhdid altına almış karonovirus təhlükəsi belə dövlətin iqtisadi inkişaf surətinə və siyasi sabitliyinə mane ola bilmir.

Müşavirədə ölkə rəhbəri müqayisə üçün diqqəti belə bir məqama yönəldir ki, pandemiyadan xilas olmaq üçün 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna maliyyə yardımı ilə bağlı müraciət etdiyi halda Azərbaycanın adı bu siyahıda yoxdur. Çünki əldə olunmuş sosial-iqtisadi tərəqqi bizə öz daxili resurslarımız hesabına istənilən problemi dəf etməyə, istənilən mürəkkəb vəziyyətdən üzüağ çıxmağa imkan verir. Prezidentin müvafiq sərəncamı ilə koronavirusla mübarizəyə 1 milyard manat vəsait ayrılmış, əlavə olaraq 2,5 milyard manatın da bu problemin həllinə cəlb olunacağı planlaşdırılır. Bu məqsədlə dövlət hesabına 6 müasir modul tipli xəstəxananın tikintisinə isə artıq başlanmışdır. Bu mənada Ümumdünya Səhiyyə Təşkilatının görülən işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırması isə çox fərəhləndiricidir.

Koronavirusun hücumları qarşısında bir çox ölkələrin milli valyutaları duruş gətirə bilmədiyi halda, bizim manatın sabitliyi qorunub saxlanılmaqdadır. Məhz daxili siyasi sabitlik və iqtisadi stabillik Azərbaycanda səmərəli biznes mühitinin formalaşmasını şərtləndirən əsas meyarlardır. Təsadüfi deyil ki, məşhur “Heritage” Fondu iqtisadi azadlıqlarlar indeksinə görə Azərbaycanı dünya ölkələri sirasında 44-cü yerə layiq görüb.

Cənab İlham Əliyevin müşavirədəki nitqı bir daha göstərdi ki, dövlətimizin daxili siyasətinin əsas qayəsini insanların sosial rifahı təşkil edir. Məhz buna görə də artıq ardıcıl olaraq neçə illərdir ki, dövlət büdcəsi sosial yönümdə tərtib olunur və onun mərkəzində məhz insan amili dayanır. Bu yaxınlarda Milli Məclisdə hökumətin hesabatını müzakirə edərkən bunun bir daha şahidi olduq. Bütün makroiqtisadi göstəricilərinə görə Cənubi Qafqaz regionunda liderliyi inamla qoruyub saxlayan Azərbaycanda həm də aparılan sosial islahatların nəticəsi olaraq əmək haqları mütəmadi olaraq qaldırılır, pensiya və müavinətlər hər il indeksləşdirilir. Özünüməşğulluq proqramının uğur əmsalına görə Azərbaycan dünya üzrə orta göstəricidən yüksək nəticə əldə edə bilmişdir.

Son dövrlər idarəetmənin bütün səviyyələrində həyata keçirilmiş struktur islahatları keyfiyyət baxımından yeni bir idarəçilik mexanizminin formalaşmasını hədəf götürüb. Bu ilin fevral ayında keçirilmiş növbədənkənar parlament seşkiləri də bu islahatların məntiqi davamıdır və demokratik inkişaf istiqamətində atılmış növbəti addım kimi dəyərləndirilməlidir. Parlamentin və onun komitələrinin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması müstəqil Azərbaycan parlamentarizmi tarixində ilk dəfədir.

Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması və siyasi dialoq müstəvisində konstruktiv müxalif fikirlərə hörmətlə yanaşılması baxımından yeni prinsiplər ortaya qoyulub. Ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar bu mütərəqqi təşəbbüsə müsbət reaksiya verməklə ümummilli maraqlar naminə iqtidarla birgə dəyirmi masa arxasında istənilən məsələnin müzakirəsinə hazır olduqlarını bəyan ediblər. Vətəndaş Həmrəyliyi Partiyasını qanunverici hakimiyyət orqanında təmsil edən millət vəkili kimi düşünürəm ki, bu dialoq davamlı olacağı halda ölkənin siyasi arenasına həmrəyliyə söykənən yeni nəfəs gətirəcək, daha mütərəqqi münasibətlərin formalaşmasına öz dəyərli töhfəsini verəcəkdir.

Azərbaycanın müasir inkişaf yolu yeni intibah dövrünün formalaşmasını şərtləndirir. Bu, həm də özünü ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlərdə göstərir. Ötən 2020-ci ilin əvvəlindən bu müstəvidə bir sıra uğurlar əldə edilmişdir. Xüsusilə, Davos Forumunda Azərbaycan Prezidentinin iştirakı, bir sıra ölkələrin rəhbər şəxsləri və dünyada tanınmış nəhəng biznes qurumlarının təmsilçiləri ilə qarşılıqlı inam və etibara söykənən görüşləri respublikamızın iqtisadiyyatına və sosial sferaya sərmayə qoyuluşu baxımından öz müsbət nəticələrini verməkdədir. Bunun üçün ölkəmizdə müvafiq biznes mühiti mövcuddur.

Cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan təbliğatını darmadağın edən tarixi həqiqətləri canlı efirdə güclü arqumentlərlə geniş auditoriyaya çatdırmaqla yeni bir siyasi uğura imza atmış oldu. Bundan sonra qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş “prezident seşkiləri”nin beynəlxalq aləm tərəfindən tanınmamasını heç də təsadüfi saymaq olmaz. Belə ki, bizə qarşı qərəzli mövqeyi və ikili standartları ilə seçilən Avropa Şurasını çıxmaq şərtilə bütün digər nüfuzlu beynəlxalq təşkilatlar öz mövqelərini ortaya qoyaraq Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etdiklərini söyləmiş oldular. Bu, dövlətimizin və hökumətimizin xarici siyasət müstəvisində əldə etdiyi böyük nailiyyətdir.

Pandemiyanın törətdiyi maneələrə baxmayaraq Azərbaycan beynəlxalq münasibətlərini inkişaf etdirməkdə davam edir. Bu mənada ölkə başçısının təşəbbüsü ilə videokonfrans şəklində keçirilmiş və Azərbaycanın sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünü xüsusi qeyd etmək lazımdır. Bu tədbir Azərbaycan dövlətinin həmrəylik və qarşılıqlı etimada söykənən münasibətlər əsasında dünya siyasətinin nüfuzlu iştirakçısı olduğunu bir daha sübut etmiş oldu.

Bütün bunlar onu deməyə əsas verir ki, cənab İlham Əliyev hər zaman olduğu kimi öz xalqına arxalanaraq bu gün də qətiyyətli addımlar atır, əhalinin rifah halının daha da yaxşılaşması üçün çox əhəmiyyətli qərarlar qəbul edir. Dövlətimizin qüdrətinə güvənən xalqımız da çətin gündə ölkə rəhbərliyi ilə daha möhkəm həmrəyliyk nümayiş etdirməklə öz məğrur obrazına yeni çalarlar gətirir.

Fəzail İbrahimli

Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri, tarix elmləri doktoru, professor

Məqalədə:
Xəbər lenti

Xəbər lenti