...

Musa Quliyev: Karantin rejiminin müəyyən qədər yumşaldılmağa başlaması insanlarımızı arxayın salmamalıdır

Siyasət Materials 25 Aprel 2020 12:14 (UTC +04:00)
Musa Quliyev: Karantin rejiminin müəyyən qədər yumşaldılmağa başlaması insanlarımızı arxayın salmamalıdır

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda karantin rejiminin aprelin 27-dən etibarən müəyyən qədər yumşaldılmağa başlaması insanlarımızı arxayın salmamalıdır. Karantin rejiminin qaydalarına mütləq şəkildə əməl olunmalıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla gedir, dövlət tərəfindən bütün tədbirlər görülür:

“Görülən bu işlərin nəticəsidir ki, virusla mübarizə öz nəticəsini göstərir. Son günlər virusa qalib gəlmək istiqamətində müsbət tendensiyanın şahidi oluruq. Belə ki, artıq sağalanların sayı yoluxanların sayını üstələyir.

Bunu nəzərə alaraq, dövlət karantin rejimini aprelin 27-dən etibarən müəyyən qədər yumşaltmağa qərar verib. Lakin vətəndaşlar bu qərardan arxayınlaşmamalıdır. Çünki arxayınlaşıb qaydalara əməl etməmək, virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Bu halda karantin rejiminin yenidən sərtləşdirilməsi lazım gələcək".

Millət vəkili qeyd edib ki, son günlər həkimlərimizin səyi nəticəsində müalicə olunub sağalanların sayının artması, ölüm sayının çox aşağı rəqəmdə olması bizi heç də arxayın salmalı deyil:

"Düşünürəm ki, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatdırmaq üçün karantin rejiminin qaydalarına riayət etmək lazımdır”.

Komitə sədri vurğulayıb ki, dünyada hələ karantin rejimindən tamamilə çıxan ölkə yoxdur:

“Azərbaycanda koronavirusa yoluxma, ölüm göstəricilərin aşağı olması bizi sevindirir. Ancaq heç bir halda bu, bizi arxayın salmalı deyil".

Xatırladaq ki, aprelin 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti