Bakı. Trend:
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı Səfirliyində mərasim keçirildi. Mərasimin açılışında Ümummilli liderin büstü önünə güllər qoyuldu və əziz xatirəsi yad edildi.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, sonra çıxış edən səfir Elin Süleymanov müasir, müstəqil və suveren Azərbaycanın qurucusu olan Heydər Əliyevin dövlətçiliyimizin güclənməsi naminə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar barədə danışdı. O, Ümummilli liderin həmin qərar və addımlarının Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı və beynəlxalq nüfuzunun artmasında rolunu xatırladı. Bu xüsusda COVİD-19 pandemiyası ilə mübarizədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan hökumətinin atdığı qəti addımlar nəticəsində vəziyyətin nəzarət altına alınması, yoluxan insanların səmərəli müalicəsi və bunun dünyada uğurlu modellərdən biri olmasının da bünövrəsini Ümummilli liderin qurucusu olduğu müstəqil dövlətçilik ənənəsinə əsaslandığı vurğulandı.
Səfirlik həmçinin Ümummilli liderin anadan olmasının 97-ci ildönümü münasibətilə ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Qida Bankına (Capital Area Food Bank) da Azərbaycan adından ianə etmişdir. Qida Bankının rəhbəri Radha Muthiah Səfirliyimizə təşəkkür məktubu göndərmiş və məlumat vermişdir ki, Azərbaycan tərəfinin ianəsi yemək ehtiyacı olan şəxslərə ərzaq yardımı üçün sərf ediləcək. Xatırladaq ki, 1980-ci ildən Vaşinqtonda fəaliyyət göstərən Qida Bankı ABŞ paytaxtında qidaya ən çox ehtiyacı olan insan və icmalara sağlıqlı ərzaq yardımı edir.
Dövlətimiz tərəfindən bu ianə müqəddəs Ramazan ayının mahiyyətinə uyğun olaraq və Ümummilli liderimizin, xalqımızın və dövlətimizin mərhəməti, tolerantlığı və multikulturalızmə sadiqliyinə əsaslanaraq irqindən və dinindən asılı olmayaraq ehtiyacı olanlara yardım etmək siyasəti çərçivəsində edilmişdir.