...

Bolqarıstan mətbuatında ümummilli lideri Heydər Əliyev haqqında materiallar çap olunur (FOTO)

Siyasət Materials 12 May 2020 17:58 (UTC +04:00)
Bolqarıstan mətbuatında ümummilli lideri Heydər Əliyev haqqında materiallar çap olunur (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü dünyanın bütün aparıcı kütləvi informasiya vasitələrində olduğu kimi Bolqarıstan mətbuatında da geniş işıqlandırılıb. Bolqarıstanın ən nüfuzlu media qurumlarından “24 Chasa” qəzetinin internet səhifəsində Azərbaycan-Bolqarıstan əlaqələrinin təşəkkülündə ulu öndərin roluna dair məqalə çap olunub.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Trend-ə bildirilib ki, “Uğurların təməli - Heydər Əliyev və xeyirxah missiyasının davamı” adlı məqalədə qeyd olunur ki, dahi siyasi xadimin fəaliyyətinin nəticəsində iki ölkənin hazırki strateji tərəfdaşlığına zəmin formalaşıb.

Məqalədə Azərbaycanın dövlət müstəqilliyini yenidən qazanmasından sonra əməkdaşlıq əlaqələri üçün yeni imkanların açıldığı qeyd olunaraq əlaqələrimizin təşəkkülündə ümummilli lideri Heydər Əliyevin tarixi missiyası vurğulanıb. Qeyd olunub ki, elə dahi şəxsiyyətlər vardır ki, mənsub olduqları xalqın tarixi təkamülünə məzmun verirlər, fəaliyyətləri ilə milyonlara öndərlik edirlər. Onlar yalnız bir xalqa deyil, bütövlükdə bəşər tarixinə töhfə verirlər. Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev məhz bu cür şəxsiyyətlərdən olub. Sözün həqiqi mənasında o, müasir Azərbaycanın tarixi təkamülünə yeni nəfəs verib. Liderlik istedadı və qabiliyyəti ilə Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, siması və hərəkətverici qüvvəsi olub. Məhz Heydər Əliyev fenomenin fəaliyyəti Azərbaycan-Bolqarıstan əlaqələrinin də inkişafına yeni məzmun qazandırıb.

Daha sonra Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelyevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev 29-30 iyun 1995-ci il tarixində Bolqarıstana rəsmi səfərə gəlməsindən bəhs olunub. Məhz ulu öndərin həmin rəsmi səfərinin iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına zəmin hazırladığı ifadə olunub. Səfər zamanı ulu öndər Heydər Əliyev və Jelyu Jelyevin bir çox sahədə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladıqları vurğulanıb. Azərbaycan Prezidenti Heydər Əliyevin Bolqarıstan parlamentində olduğu və Xalq Məclisində çıxış edərək yeni müstəqillik qazanmış dövlət kimi Azərbaycanın üzləşdiyi çətinliklər və Ermənistan-Azərbaycan münaqişəsi barədə, həmçinin ölkədə keçirilən islahatlar haqqında bolqar parlamentarilərinə məlumat verdiyi bildirilib. Səfərin tarixi əhəmiyyətinə toxunulan məqalədə daha sonra nəinki prezidenti J.Jelev, eyni zamanda sabiq dövlət başçıları Petır Stoyanovla dost münasibətlər və Qeorqi Parvanovun ulu öndər haqqında xoş fikirləri xatırlanıb.

Məqalədə ulu öndər Heydər Əliyevin Bolqarıstan səfəri və dost ölkənin ali dövlət rəsmiləri ilə təqdirəlayiq əlaqələrinin nəinki gələcək əməkdaşlığımızı təşviq etdiyi, hətta strateji tərəfdaşlığımıza zəmin hazırladığı qənaətinə gəlinib. Xatırlanıb ki, 2015-ci il tarixli “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” təkcə strateji tərəfdaşlığımızın deyil, eyni zamanda dost Bolqarıstanla əməkdaşlığımızın möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün möhkəm hüquqi zəmin yaradıb. Bolqarıstanın beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

Ardınca ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünün qeyd olunduğu xatırlanaraq dahi dövlət xadiminin adının yalnız onun siyasi fəaliyyəti ilə məhdudlaşmadığı yada salınıb. Vurğulanıb ki, ulu öndərin vəfatından sonra onun zəngin irsinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə xüsusi bir ictimai qurumun yaradılmasına dair müxtəlif təşəbbüslər irəli sürülüb. Azərbaycan cəmiyyətinin sosial sifarişi nəzərə alınaraq 2004-cü ilin mayında qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu yaradılıb. Fondun əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir. Fondun əsas fəaliyyət istiqamətlərindən biri kimi ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması, bir sözlə ümumbəşəri dəyərlərin mühafizəsi olduğu qeyd olunaraq onun mötəbər fəaliyyətləri sadalanıb. Mövzu kontekstində 2007-ci ildə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin, 2008-ci ildə Luvr Muzeyinin, 2011-ci ildə ikinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, 2012-ci ildə Vatikanda Roma katakombalarının bərpası, 2013-cü ildə Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digər fəaliyyətlər sadalanıb. Məmnuniyyət hissi ilə qeyd olunub ki, Heydər Əliyev Fondunun həmin təqdirdəlayiq fəaliyyəti dost Bolqarıstandan da yan keçməyib. Fond Şərqi Avropada ilk sərmayəsi üçün tarixi Veliko Tırnovo şəhərini seçib və “Trapezitsa” qalasını dünya xəzinələri üçün mədəniyyət abidələri siyahısına daxil edib. Nəticədə, Heydər Əliyev Fondunun dəstəyi ilə “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda bərpa işləri həyata keçirilib. 2016-cı il sentyabrın 22-də isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Baş nazir Boyko Borisovla birgə “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində və dost Bolqarıstanın Müstəqillik günü ilə bağlı tədbirlərdə iştirak ediblər.

Sonda vurğulanıb ki, bu gün Azərbaycan xalqı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Bolqarıstan əlaqələrinin perspektivlərindən nikbindir və iki xalqın və dövlətin ortaq maraqlarının əlaqələrin böyük gələcəyinin təminatıçısı olduğuna inanır. Azərbaycan və Bolqarıstan xalqları arasındakı dostluq əlaqələrinin dönməzliyi, eləcə də Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında sarsılmaz əməkdaşlığın hər keçən gün dərinləşməsi qürurla ifadə olunub. Məqalədə Heydər Əliyevin Bolqarıstana rəsmi səfərinə dair şəkillərlə yanaşı, Heydər Əliyev Fondu və “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun birgə markasına da yer verilib.

Bolqarıstanın nüfuzlu “Fokus” xəbər agentliyinin “Dünya tarixdə bu gün” seriyasında 10 may tarixinə olan məlumatda ulu öndər Heydər Əliyevin şəxsiyyətinə geniş yer ayrılıb. Dünyanın tanınmış böyük siyasi və dövlət xadimlərindən biri və Azərbaycan Respublikasının üçüncü prezidenti kimi xarakterizə olunmuş Heydər Əliyevin Azərbaycanda “Ulu öndər” və “Azərbaycan xalqının ümummilli lideri” titullarının rəsmi daşıyıcısı olduğu vurğulanıb. Məlumatda, dahi siyasi xadimin SSRİ dövrü və müstəqillik illərindəki siyasi fəaliyyətinə nəzər salınıb, tarixi xidmətləri sadalanıb, layiq görüldüyü orden, medal, mükafat və fəxri adlar qeyd olunub. Azərbaycanda Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı, Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeninin təsis olunması, Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Beynəlxalq Hava limanı, Respublika Sarayı, Bakı şəhərində İdman-Konsert Kompleksi, Azərbaycanın şəhər və rayonlarında küçə və meydanların, bir sıra ölkələrdə isə küçələr onun şərəfinə adlandırılması və abidələr ucadılması vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti