...

Azərbaycan-İspaniya parlamentlərarası işçi qrupu ilə İspaniyanın müvəqqəti işlər vəkili arasında görüş keçirilib (FOTO)

Siyasət Materials 9 İyun 2020 12:29 (UTC +04:00)
Milli Məclisdə Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada ilə görüşü keçirilib.
Azərbaycan-İspaniya parlamentlərarası işçi qrupu ilə İspaniyanın müvəqqəti işlər vəkili arasında görüş keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisdə Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada ilə görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə işçi qrupunun rəhbəri, millət vəkili Sevil Mikayılova və qrupun üzvü, millət vəkili Tural Gəncəliyev iştirak ediblər. Görüş zamanı iki ölkənin parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, İspaniyanın həm Senatı, həm də Konqresi ilə Milli Məclis arasında əlaqələrin inkişafı vurğulanıb.

Görüşdə həmçinin hər iki ölkənin separatizmdən əziyyət çəkdiyi qeyd edilib. Qonağın diqqətinə çatdırlıb ki, 25 ildən artıqdır, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalına cavab olaraq 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyir və erməni işğalçı qoşunlarının Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırır. Lakin indiyə qədər bu qətnamələrin tələbi Ermənistan tərəfindən yerinə yetirilməyib və Azərbaycan torpaqları işğal altında qalmaqdadır.

Sonda qərara alınıb ki, işçi qrupunun fəaliyyətinin intensivləşdirilməsi məqsədilə qrup üzvlərinin İspaniya parlamentariləri ilə tanışlıq xarakterli görüşləri təşkil edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti