...

Yoluxma hallarının artım dinamikasına yol verməmək üçün xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir

Siyasət Materials 28 Avqust 2020 13:52 (UTC +04:00)
Yoluxma hallarının artım dinamikasına yol verməmək üçün xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Artıq uzun müddətdir ki, bütün bəşəriyyət çətin bir sınaqla üz-üzədir. COVİD-19 infeksiyası dünya ölkələrini öz cənginə alıb. Belə ki, təhlükə artıq beynəlxalq miqyaslı fövqəladə hal səviyyəsindədir. Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan da 2020-ci ilin ilk aylarından etibarən bu xəstəliklə mübarizə aparan ölkələr sırasına qoşulub:

"İlk gündən etibarən ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər keçirilir. Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən genişmiqyaslı layihələr həyata keçirməyə başlamış, virusa yoluxan şəxslər üçün xəstəxanalar ayrılmış,karantin zonaları yaradılmışdır. Peşəkar həkimlər,mütəxəssislər,tibb işçiləri bu xəstəxanalarda var gücü və əzmi ilə çalışmaqdadır.

Koronavirusla mübarizənin ilk günündən etibarən görülən bütün işlər dövlət başçısının nəzarətindədir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasəti xalqımızın, dövlətimizin bu xəstəlikdən minimum itkilərlə və zərərlə çıxmasına şərait yaradıb.

C.Məmmədov qeyd edib ki, Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün atılan çevik və qabaqlayıcı addımlar, bu istiqamətdən həyata keçirilən layihələr bütün dünya miqyasında böyük rəğbətlə qarşılanıb:

"Lakin virusla mübarizə yalnız dövlətin işi deyil. Bununla mübarizədə vətəndaşların da üzərinə ciddi vəzifələr düşür. Qeyd etmək lazımdır ki, bu dövrdə insanlarımız da yüksən vətəndaşlıq mövqeyi nümayiş etdirərək qayda,qanunlara ciddi şəkildə riayət etdilər. Düzdür, bəzi xoşəgəlməz hallar da yaşandı. Lakin hesab edirəm ki, ümumilikdə bu mübarizədə qalib ola bilmək əzmindəyik.

Ölkəmizdə karantin rejiminin tətbiq olunması bu xəstəliklə mübarizədə atılan addımların məntiqi ardıcıllığıdır. Məhz bunun nəticəsində virusun yayılmağının qarşısını almaq,yoluxma sayını aşağı endirmək, ölüm saylarını azaltmaq mümkün oldu. Hal-hazırda ölkəmizdə vəziyyəti qənaətbəxş hesab etmək olar. Lakin yenə qeyd edək ki, bu mübarizədə insan faktoru əsas rol oynayır. İnsanlarımız nə qədər məsuliyyətli olsalar, qayda-qanunlara əməl etsələr, bu xəstəliklə mübarizədə bir o qədər tez qalib gəlmək olar.

Ölkəmizdəki vəziyyətə nəzər salsaq, görərik ki, cəmiyyət dövlətin həyata keçirdiyi tədbirləri dəstəkləyir.

Yoluxma hallarının artım dinamikasına yol verməmək üçün xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir. Xəstəliklə mübarizədə vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmağa çalışmalıyıq. Unutmamalıyıq ki, bütün görülən tədbirlər, atılan addımlar insan sağlamlığını qorumaq üçündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti