...

Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı -Tarixçi

Siyasət Materials 10 Noyabr 2020 10:14 (UTC +04:00)
Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı -Tarixçi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi.

Bunu Trend-ə AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı.

Alim qeyd edib ki, tariximizin ən sarsıntılı sazişi olan Türkmənçay sazişindən sonra (1828-ci il) tarixi torpaqlarımız mərhələli şəkildə zorla əlimizdən alınaraq düşmənlər tərəfindən ilhaq olundu. Bu, bir tərəfdən milli dövlətçiliyimizə gedən yolda ciddi əngəllər yaratmış, digər tərəfdən Azərbaycanı faktiki olaraq iki hissəyə ayırmışdır. Yüz illər boyu davam edən bu proses, min illər boyu mövcud olan dövlət sərhədlərimizin kiçilməsinə səbəb oldu.

M.Ağalarlı əlavə edib ki, bu milli faciə təkcə torpaqlarımızın itirilməsi ilə deyil, xalqımız arasında olduqca mənəvi-psixoloji deformasiyaya da səbəb olmuşdur:

"İstər çar Rusiyası, istərsə də bolşevik Rusiyasının işğalı dövründə bizə məcburən diqtə edilən siyasi reallıqları qəbul etməyə məkum edilmişdik. XX əsrin 90-cı illərində müstəqilliyimizin yenidən bərpa olunması, mill kimlik şüurumuzun güclənməsinə, dövlətçilik ənənələrimizin yenidən inkişaf etdirilməsi üçün bizə geniş imkanlar yaratdı. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ardıcıl və uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı".

Tarixçi bildirib ki, cəmiyyətimizin bütün sferalarında baş verən bu inkişaf bizi Cənubi Qafqazın lider dövlətinə çevirməklə yanaşı, diqtə edən tərəfə çevirdi. Artıq bu gün Azərbaycan yeni reallıqlar yaradan və bu reallıqları beynəlxalq aləmə diqtə edən lider dövlətlərdən biridir:

"Dövlətimizin bütün sahələrdə inkişaf səviyyəsi bu gün bizə imkan verdi ki, uzun illər boyu itirilmiş torpaqlarımızı düşmən işğalından azad edək, kiçilmiş siyasi sərhədlərimizi yenidən böyüdək. Əgər müasir dövlətçiliyimizin memarı Ümummilli lider Heydər Əliyevdirsə, bu gün tarixi torpaqlarımızın bərpasının Şah qəhrəmanı isə Ali Baş Komandan İlham Əliyevdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti