...

Azərbaycan Prezidenti: Otuz il ərzində yığdıqları texnikanı döyüş meydanında 44 gün ərzində məhv etdik

Siyasət Materials 1 Dekabr 2020 12:44 (UTC +04:00)
Azərbaycan Prezidenti: Otuz il ərzində yığdıqları texnikanı döyüş meydanında 44 gün ərzində məhv etdik

Bakı. Trend:

Ermənistan ordusu yoxdur, məhv etmişik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti