Bakı. Samir Əli - Trend:
Tofiq Yaqublu deyərkən, ilk növbədə, təsəvvürə xain və sərsəm bir tip gəlir. Çünki bu adamın təfəkkürü illər ötsə belə nə siyasi təhlil, nə də normal insan düşüncəsinə uyğunlaşmayıb. Onun təfəkkürü qalıb 90-cı illərin küçələrində, çayxanalarında və bazar söhbətlərində.
Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Milli Şura” adlı qurumun koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublunun Azərbaycan dövlətinin və rəhbərliyinin, eləcə də xalqının, ordusunun vahid yumruqda birləşərək, düşmən Ermənistana qalib gəlməsi faktına qarşı mövqe sərgiləməsinə münasibətini açıqlayarkən deyib.
“Bu xalq, bu ordu və bunları ətrafında sıx birləşdirən Müzəffər Ali Baş Komandan reallığına qarşı dil uzatmaq ən azından, yumşaq desək, xəyanətdir, düşmənə işləməkdir”, deyən Bəhruz Quliyev hesab edir ki, Vətən müharibəsində qazanılan zəfər məhz Tofiq Yaqublu və onun kimi digər erməniyönlü idarəolunan marionetləri qıcıqlandırır:
“Onlar bu birlik, vahidlik qələbəsini həzm edə bilmirlər, bilirlər ki, artıq onların da qatarları Paşinyanın qatarı kimi çoxdan gedib. İnsan nə qədər səviyyəsiz və düşüncəsiz olmalıdır ki, xalqın etimad göstərdiyi liderinə, milli qəhrəmanı kimi qəbul etdiyi şəxsiyyətə, onun qətiyyətli mübarizəsinə qarşı sərsəm fikirlər bildirsin.
Hətta belə demək olar ki, bu ünsürlər siyasi məhvlərini anladıqlarına görə bu qədər aqressivləşiblər. Amma düşünmürlər, anlamırlar ki, Vətən müharibəsində qazanılan zəfər üçün neçə illər zəhmətlər çəkilib, iqtisadiyyatımız möhkəmləndirilib, ordu quruculuğumuz üçün nə qədər nəhəng planlar həyata keçirilib. Bütün bu faktların yerinə əslində özlərini ifşa etməklə məşğuldurlar.
Necə ifşa edirlər özlərini? Bu sualın da cavabı çoxdan məlumdur. Baxın, əgər bu gün bəlli Avropa ölkələri necə ki, Azərbaycanın regionda və dünyada güc mərkəzinə çevrildiyini həzm edə bilmirlərsə, xüsusilə Türkiyə-Azərbaycan birliyinə qarşı qərəzli qətnamələr qəbul edirlərsə, bu adamlar da eyni mövqedən çıxış edirlər. Sizi inandırım ki, Avropanın ermənipərəst dairələri bizə qarşı hansı qərarı qəbul edirlərsə, Tofiq Yaqublu və onun kimi “Milli Şura”nın digər üzvləri də həmin qərarları alqışlayırlar. Bununla da özlərini ifşa edirlər. Həmin ünsürlər Azərbaycanın güclənməsini, qüdrətlənməsini istəməyən siyasi dələduzlar yığınıdırlar, o cümlədən, Tofiq Yaqublu da həmin yığınağın paravoz tüstüsüdür ki, havaya buxarlanır, təmiz havanı korlayır”.
B.Quliyev bildirib ki, bu gün dünyanın Azərbaycanın dostları kimi tanınan bir çox liderləri, hətta müharibə zamanı bitərəf qalan ölkə rəhbərləri belə, qazanılan qələbənin birbaşa Azərbaycanın qələbəsi olduğunu bildirirlər, habelə İlham Əliyev qətiyyətini, dəmir yumruğunu etiraf edirlər:
"Sadə və qədirbilən xalq Tofiq Yaqublunun bu cür sərsəm fikirlərini lazım gələrsə, özünə həzm etdirmək gücündədir, sadəcə belə bir lazımsız ünsür bundan da özünə xal toplamağa cəhd edəcək, özünü “vacib şəxs” kimi hiss edəcək, halbuki, nə əvvəllər, nə də indi bir qara qəpiyə, quruşa dəymən məxluq olaraq öz ucuzluğunu sərgiləyib".
“Ona görə də hesab edirəm ki, bu cür satqın, xain və anti-dövlətçi yığnaqların fikirləri heç bir ciddiyyətlə tanınmır, əksinə onları xalq rədd edir. Biz xalqın belələrini necə rədd etdiyini əvvəllər də müşahidə etmişik, bu dəfə də belədir. Özləri danışır, özləri qulaq asırlar və sonradan erməni havadarlarından sümük payı, yal payı umurlar. Çünki belə yemlər onlar üçün daha sərfedicidir, öz ucuz, xəyanətkar həyatlarını davam etdirməkdən ötrü...” - deyə Bəhruz Quliyev əlavə edib.