...

Prezidentin "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi - Hərbi ekspert

Siyasət Materials 30 Dekabr 2020 09:14 (UTC +04:00)
Prezidentin "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi - Hərbi ekspert

Bakı. Ceyhun Ələkbərov - Trend:

Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı!

Bunu Trend-ə açıqalamsında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, sentyabrın 27-də səhər saat 6.00-da Ermənistanın Azərbaycana qarşı Qarabağ istiqamətində növbəti hücum cəhdi rəsmi Bakının səbr kasasının daşmasına səbəb oldu:

“Qısa zamanda düşməni geri çəkilməyə məcbur edən Azərbaycan Ordusu iki əsas zərbə istiqamətindən əks-hücum əməliyyatına başladı. Paralel olaraq ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan olundu. On minlələrə gənc könüllü olaraq Milli Ordu sıralarına yazıldı. Sonradan “Dəmir yumruq” adlanan əməliyyatın ilk saatlarında Ermənistan Ordusunun 26 il ərzində möhkəmləndirdiyi müdafiə səddi iki istiqamətdən- şimaldan və cənubdan 20 km enində yarıldı. Cənubda yarılma sahəsi təxminən 14 - 15 km təşkil etdi. Əməliyyatların ilk gününün sonunda ciddi nəticələr əldə edilməsi əməliyyatların sonrakı uğurunun siqnallarını verirdi. Azad edilən hər məntəqə sonradan əks-hücum əməliyyatının daha geniş cəbhədə aparılmasına və inkişafına xidmət edirdi. Əsgərimiz hər bir məhəllə, küçə, ev, təpə uğrunda tam qələbəyə qədər savaşdı”.

Ə.Verdiyev qeyd edib ki, 44 günlük müharibə dövründə müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq ən böyük mənəvi gücə çevrildi:

“2020-ci il Azərbaycan tarixinə şanlı qəhrəmanlıq səhifəsi kimi yazıldı. Bu haqq savaşında bütün xalqın bir yumruq kimi öz Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsi və həmrəyliyi sayəsində, ordumuzun əzmi, qəhrəmanlığı ilə torpaqlarımız düşmən tapdağından azad olundu. "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı.

Siyasi müstəvidə Azərbaycan Republikası Prezidenti İlham Əliyevin fəaliyyəti, dünya mediasına Qarabağ həqiqətlərini tarixi faktlara əsaslanaraq şəxsən çatdırması böyük əhəmiyyət daşıdı. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi.

Xarici medianın Azərbaycanda fəaliyyətinin koordinasiyasında Hikmət Hacıyevin fəaliyyəti də xüsusi vurğulanmalıdır. Erməni silahlarının Azərbaycanın Qarabağdan kənarda yerləşən mülki əhalimizin atəşə tutulması nəticəsində mülki itkilərimizin dünyaya çatdırılmasında həm Prezidentin, həm də Hikmət Hacıyevin fəaliyyəti hər bir vətəndaşımız üçün örnək olmalıdır”.

Hərbi ekspert sonda əlavə edib ki, hər dəfə bayramlarımızı Qarabağda qeyd etməyimizi, müqəddəs Azərbaycan Bayrağının işğaldan azad olunan ərazilərimizdə dalğalanmasını arzu kimi ifadə edirdik. Artıq bu, reallıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti