...

Prezident Vətən Müharibəsi boyunca bütün təzyiqlərin qarşısında ləyaqətlə dayandı - Deputat

Siyasət Materials 1 Yanvar 2021 14:42 (UTC +04:00)
Prezident Vətən Müharibəsi boyunca bütün təzyiqlərin qarşısında ləyaqətlə dayandı - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci il Azərbaycanın zəfər ilidir. Biz bu il Qarabağımıza qovuşduq, düşmən üzərində şanlı qələbə qazandıq. Paşinyanı, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, heç şübhəsiz ki, həmin qələbənin əldə olunmasının əsaslı və fundamental səbəbləri var:
“Əvvəla, Ali Baş Komandanımız 44 günlük Vətən Müharibəsi boyunca böyük şücaət, qəhrəmanlıq nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev həmin dönəmdə bütün təzyiqlərin qarşısında ləyaqətlə dayandı, bizə irad bildirən dövlətlərin və fərdlərin cavabını yerində və vaxtında verdi, geri çəkilmədi, Azərbaycanın haqqını və maraqlarını hər şeydən üstün tutdu.

Cənab Prezidentin həm yerli, həm də xarici mediadakı çıxışları möhtəşəm idi. Üstəlik, həmin çıxışların hər biri anındaca hadisəyə çevrilirdi, böyük əks-səda doğururdu. Ali Baş Komandanı belə cəsur olan ordunun isə əsgəri də qətiyyətli olur. Elə bu səbəbdən də igid əsgərlərimiz böyük ruhla irəli atıldılar. Ard-arda qələbələr qazandılar. Düşməni diz üstdə çökdürdülər.

Biz bu döyüşlərdə bir saat, bir dəqiqə belə məğlubiyyət yaşamadıq, geri çəkilmədik, torpaq itkisi vermədik. Gözümüz televiziya ekranlarında, qulağımız səsdə yalnız o xəbəri gözlədik ki, görəsən bu gün Azərbaycanın müzəffər ordusu hansı əzəli torpaqlarımızı işğaldan azad edib?”.

Deputat bildirib ki, Prezident canlı yayımda hər çıxış edəndə hamı qeyri-ixtiyari şəkildə qələbə müjdəsinə kökləndi, hamı Ali Baş Komandandan qələbə xəbərini gözlədi və həmin xəbəri aldı:

“Bəli, pandemiya planeti bürüyüb, dünyanı öz cənginə alıb. 2020-ci il bəlkə də bütün dövlətlər üçün koronavirus səbəbilə uğursuz, itirilmiş ildir. Fəqət, bircə Azərbaycandan başqa! Biz hamının, hər kəsin itirdiyi bu ildə də qazanmışıq. Biz Qarabağımıza qovuşmuşuq. Biz ən müqəddəs arzumuza, amalımıza çatmışıq. Dövlətimizin, Prezidentimizin, Ordumuzun sayəsində! Eyni zamanda qardaş Türkiyənin, Pakistanın, Ukraynanın qətiyyətli mövqeyini də xüsusi vurğulamaq lazımdır. Türkiyənin dəstəyi həqiqətən möhtəşəm idi. Həm mənəvi, həm siyasi baxımdan. Bu ölkənin dəyərli lideri Rəcəb Tayyib Ərdoğan Vətən Müharibəsinin gedişatında demək olar hər gün açıqlama verdi, Azərbaycanın yanında olmaları ilə bağlı açıq mətnli fikirlərini bildirdi.

Türkiyə Prezidenti Qələbə Paradında da qardaşı İlham Əliyevlə yanaşı dayanmışdı, onunla yanaşı sevinirdi, yanaşı çıxış edirdi.

Ən sevindirici hallardan biri isə budur ki, qardaş Türkiyə hərbçiləri Qarabağda bundan sonra bəlli bir müddət boyunca Müşahidə Missiyası formatında fəaliyyət göstərəcək. Eyni zamanda Türkiyə doğma Qarabağımızın yenidən qurulmasında yaxından iştirak edəcək. Üstəlik, yeni imzalanmış ikitərəfli saziş müddəalarına əsasən artıq hər iki qardaş dövlətin vətəndaşları bir-birinin ərazisinə yalnız şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş imkanı qazanacaq. Yəni, dediyim odur ki, yaxınlaşma sürətlidir, intensivdir, qürurvericidir və olduqca sevindiricidir.

2020-ci il doğma Qarabağın işğaldan azad olunma, bizlərin qələbə ilidir. 2021-ci il isə həmin qələbənin daha da möhkəmləndirilməsi və gözəl Qarabağımıza qayıdış ili olacaq. Tanrı Azərbaycan xalqını qorusun. Tanrı Ali Baş Komandanı, qəhrəman əsgərlərimizi qorusun. Qarşıdan gələn bayramlar münasibətilə hər kəsi ürəkdən təbrik edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti