...

Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert

Siyasət Materials 13 Aprel 2021 18:48 (UTC +04:00)
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda Hərbi Qənimətlər Parkının Ermənistanda və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə barışa bilməyən dairələrdə etiraz doğurması təbii qəbul olunmalıdır. Çünki Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini, bu ölkəyə uzun illərdən bəri təmənnasız verilən külli miqdarda hərbi texnikanın necə yararsız hala düşdüyünü, uzun illər boyu ətrafında “məğlubedilməzlik” mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə olduğunu ən incə detallarına kimi ortaya qoyur.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Ermənistan ordusundakı nizam-intizamla bağlı problemləri, sözlə ifadə edilməsi mümkün olmayan iyrəncliyi, meşşan həyat tərzini nümayiş etdirir:

“Hərbi Qənimətlər Parkı uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlayan, mənəvi, siyasi, hərbi deqradasiyanın son həddinə yuvarlanmış Ermənistan ordusunun və işğalçı təfəkkürünün, həyat tərzinin aynasıdır. Azərbaycan bu parkı salmaqla ermənilərə öz gerçək simaları ilə tanış olmaq, işğalçı təfəkkürdən, nifrətdən uzaq durmaq üçün özlərini tanımaq və utanc hissi keçirmək imkanı yaradıb. Ermənilərin ağlasığmaz vəhşiliklərinin, misilsiz cinayətlərinin ən bariz nümunəsi isə işğaldan azad edilmiş Azərbaycan əraziləridir. Dünyanın istənilən sivil xalqı törədilən bu cinayətlərdən utanc hissi keçirər, Azərbaycan xalqından və bütün bəşəriyyətdən üzr istəyərdi.

Amma görünür, hələ də nə etdiklərinin fərqində deyillər. Hərbi Qənimətlər Parkı həm də dünyaya çağırışdır. Revanşçı qüvvələrə, gözü başqalarının torpaqlarında olanlara işğalın, vandalizmin, insanlıq əleyhinə cinayətlərin aqibətini göstərən mesajdır. Qeyd edim ki, dünyada belə parkların, yaxud muzeylərin sayı yetərincədir. Buna misal olaraq, Vyetnamda, Xoşiimin şəhərində 1975-ci ilin sentyabrından mövcud olan “Müharibə qurbanları müzeyini” göstərə bilərik. Bir neçə binadan ibarət olan muzeydə qənimət götürülmüş hərbi texnika, o cümlədən F-5 qırıcısı, UH-1 hərbi helikopteri, bombardmançı təyyarələr, tanklar, fosforlu bombaların qalıqları nümayiş etdirilir. Eksponatlar arasında fransız əsgərlərinin vyetnamlılara verdikləri işkəncəni, həmçinin edam səhnələrini nümayiş etdirən mum fiqurlar da var.

Başqa bir nümunə: 1943-1948-ci illərdə Moskvada, Qorki adına mədəniyyət və istirahət parkında qənimət götürülən hərbi texnika nümayiş etdirilib. 5 il ərzində qənimətlər parkını 7,5 milyon insan ziyarət edib. Hazırda Belarusda alman faşizminin vəhşiliklərini nümayiş etdirən bir neçə muzey fəaliyyət göstərir. Rusiya Müdafiə Nazirliyinin 2019-2020-ci illərdə, faşizm üzərində qələbənin 75-ci ildönümü münasinətilə, faşizmə heç bir aidiyyatı olmayan Suriyadan qənimət götürülmüş hərbi texnikanı 1 il ərzində qatarla şəhərdən-şəhərə daşıyaraq nümayiş etdirdiyini də nəzərə alsaq, öz ərazilərini işğaldan azad edən Azərbaycanın hərbi qənimətləri nümayiş etdirməsində təəccüblü heç nə olmamalıdır.

Parkda sərgilənmiş eksponatlardan, xüsusilə də erməni əsgərlərinin obrazından narahat olanlar isə yaxşı olar ki, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə erməni əsgər və zabitlərinin sosial şəbəkələrdə paylaşılan fotoşəkillərə diqqətlə baxsınlar. 30 il əraziləri işğalda saxlayan və yüzlərlə kənd və şəhəri yer üzündən silmiş, dinc əhaliyə qarşı soyqırımı və deportasiya həyata keçirmiş işğalçı ordunun əsgərləri elə bu cür də göstərilməlidir. Olduqları kimi...”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti