...

Erməni terroru jurnalistləri hədəf alır, beynəlxalq media təsisatları buna susmamalıdır!

Siyasət Materials 4 İyun 2021 14:28 (UTC +04:00)
Jurnalistlər erməni minalarının qurbanı olurlar, beynəlxalq media təsisatları buna susmamalıdır!
Erməni terroru jurnalistləri hədəf alır, beynəlxalq media təsisatları buna susmamalıdır!
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün baş verən daha bir dəhşətli faciə Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərinin hələ də davam etdiyini göstərir. Xəbər verildiyi kimi, bu gün 3 nəfər - Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin rəsmisi Arif Əliyev Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən tank əleyhinə minaya düşərək həlak olublar. Hadisə zamanı Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, minaya düşən avtomobilin sürücüsü və kənd sakini yaralanıblar.

AzTv və Azərtac-ın əməkdaşları minaya düşərək həlak olub (FOTO/VİDEO)

AzTv və Azərtac-ın əməkdaşları minaya düşərək həlak olub (FOTO/VİDEO)

Ümumiyyətlə, Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular İkinci Qarabağ Müharibəsinin bitməsindən sonra, yəni 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub. Rəsmi mənbələrə əsasən, Birgə Bəyanat imzalandıqdan sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35.000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir. Minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir. Təbii ki, minalanmış ərazilərin xəritələrinin təhvil verilməsindən imtina edilməsi Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində zorla öz yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin təxminən 30 il sonra öz evlərinə qaytarılması səylərinə də mane olur.

Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı ikinci dəfə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib. Birinci şikayət ərizəsi isə cari il yanvarın 16-da göndərilmişdi. Ərizədə Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasıya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi vurğulanırdı.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilmiş hər iki sənəddə vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur.

Azərbaycan Ermənistanla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət göndərib

Azərbaycan Ermənistanla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət göndərib

Bununla yanaşı, 2021-ci ilin fevralında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edərək Ermənistanın minalanmış ərazilər barədə məlumatları açıqlaması üçün edilən çağırışlara dəstək verilməsini xahiş edib. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan tərəfindən müxtəlif rəsmi dairələr və ayrı-ayrı ekspertlər səviyyəsində çıxış və bəyanatlar səsləndirilib.

Bütün bunlara baxmayaraq, məsələ ilə bağlı hələ ki, Ermənistana ciddi təzyiqlər göstərilmir. Dünya dövlətləri, eləcə də aidiyyəti üzrə beynəlxalq təşkilatlar hələ ki, susqunluq nümayiş etdirir. Ermənistan isə bundan faydalanaraq minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinasının heç bir strateji, hüquqi və ya mənəvi əsasları olmadığı təqdiredə, bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etməkdə davam edir.

Beynəlxalq hüquqa əsasən, Ermənistanın bu xəritələri və digər zəruri məlumatları təqdim etməkdən imtinası İnsan Hüquqları üzrə Avropa Konvensiyasının ciddi şəkildə pozulması deməkdir. Ona görə beynəlxalq media təsisatları da bu məsələyə ciddi reaksiya verməlidir.

Onu da qeyd edək ki, Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə birinci növbədə sülhə mane olur. İkincisi isə bu, bütün beynəlxalq qanunlara, prinsiplərə zidd olmaqla yanaşı, hərbi cinayət hesab olunur. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi 10 noyabr razılaşmasına tam əməl edir, hətta bir sıra məsələlərdə humanistlik nümayiş etdirir. Məsələn, Ermənistan Kəlbəcərin boşaldılmasına əlavə 10 gün vaxt istədi və Azərbaycan tərəfi humanistlik göstərərək bu vaxtı verdi. Lakin eyni humanist addımları Ermənistan tərəfindən görmürük. Əksinə, Ermənistan tərəfi minalanməş ərazilərin xəritəsini gizlətməklə həm daha çox insanın həlak olmasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə çalışır.

Elgün Mənsimov

Twitter: @Elgun_Mensimov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti