...

Ermənistan Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə məcbur edilməlidir - Zərərçəkən

Siyasət Materials 7 Avqust 2021 13:35 (UTC +04:00)
Ermənistan Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə məcbur edilməlidir - Zərərçəkən

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan 6 ildir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2015-ci il iyunun 16-da qəbul etdiyi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı müxtəlif bəhanələr gətirməklə icra etməkdən imtina edir. Ermənistan bir daha beynəlxalq qanunu heçə sayır, öz xislətini burada da göstərir.

Bunu Trend-ə Avropa Məhkəməsinin qərarında zərərçəkmiş kimi tanınan Fəxrəddin Paşayev deyib.

F.Paşayev deyib ki, Ermənistan bu qərarda 3 maddə ilə günahkardır: “Ermənistan tək bizim yox, bütün keçmiş məcburi köçkünlərimizin hüquqlarını pozub. Bu qərar köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən sənəddir. Qərarda Ermənistanın işğalçı olduğu təsbit olunub”.

F.Paşayev bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət edən orqan Avropa Şurası Nazirlər Komitəsidir: “Ermənistan min bir bəhanə ilə cəriməni ödəmək istəmir. Bizim vəkillər vaxtaşırı olaraq Nazirlər Komitəsinə müraciət edir. Sonuncu məlumat belədir ki, sentyabr ayında Komitədə məsələyə yenidən baxılacaq. Cərimənin məbləği cüzi - 5 min avrodur, bu, simvolik xarakter daşıyır. Ermənistanın bizə vurduğu maddi və mənəvi zərərin dəyəri milyonlarladır, o milyonların qarşısında bu məbləğ heç nədir.

Ermənilər hətta qəbirlərimizin baş daşlarını belə çıxarıb aparıblar, elə mənim atamın da mərmərdən olan baş daşını aparıblar. Yəni erməni vandalları bizə qarşı elə vəhşiliklər törədiblər ki, bunu hər hansı cərimə ilə əvəz etmək olmaz. Ancaq biz Ermənistanın işğalçı olduğunu, bizə qarşı vəhşiliklər törətdiyini Avropa Məhkəməsində sübut etdik. Azərbaycan dövləti bu işin arxasında axıra qədər durdu və ermənilərin vəhşilikləri, işğal faktı sübuta yetirildi.

Ermənistanın bu qərarı icra etməsində Avropa Şurası Nazirlər Komitəsi də öz vəzifəsini yerinə yetirməli, Ermənistanı qərarın icrasına məcbur etməlidir, yoxsa Nazirlər Komitəsi də öz etibarını itirir. Belə olan halda onların demokratik prinsiplər haqqında danışması absurd olur. Ermənistan bu qərarı hökmən icra etməlidir.

Biz gedib erməni işğalından azad edilən torpaqlarımızı gördük, ermənilər yurdumuzu xarabalığa çevirib. Ancaq mən kövrəlmədim, çünki biz ora qalib ruhda getmişdik, qalib xalqın nümayəndəsi kimi getmişdik. Biz hüquqi müstəvidə də, döyüş meydanında da Ermənistanı darmadağın etdik. Ömrümüzün sonuna qədər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. O torpaqları canı bahasına bizə qaytaran şəhidlərimizin ruhu qarşısında baş əyirik, yaralılarımıza şəfa diləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti