...

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir

Siyasət Materials 15 Dekabr 2021 21:00 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir

Bakı. Elçin Mehdiyev – Trend:

Müstəqil və milli maraqlara əsaslanan siyasət həyata keçirən Azərbaycan bütün xarici dövlət və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir. Təbii ki, bu sırada Avropa İttifaqı (Aİ) da var.

Milli Məclsin deputatı Vüqar İskəndərov Trend-ə açıqlamasında deyib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini də bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. O qeyd edib ki, bu məqam dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasındakı görüşdə bir daha vurğulanıb.

Deputat xatırladıb ki, Aİ Şurasının Prezidenti Şarl Mişel bu ilin iyulunda Azərbaycanda səfərdə olub: “Bildiyiniz kimi, bu səfər çərçivəsində Ş.Mişellə Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsi, əməkdaşlıq üçün əlavə imkanlar, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması kontekstində enerji təhlükəsizliyi və Avropa bazarına ixrac olunacaq təbii qazın həcminin artırılması perspektivləri, o cümlədən, İkinci Qarabağ müharibəsindən sonra regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar, bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf məsələlərini ətraflı müzakirə ediblər”, - deyə deputat bildirib.

Bunlar içərisində iki məsələ üzərində dayanmağın vacib olduğunu deyən V.İskəndərovun sözlərinə görə, məsələlərdən biri Avropanın enerji təhlükəsizliyidir: “Qeyd edim ki, son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu və fəallığı vurğulanmalıdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılmasına güclü siyasi iradə göstərir. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, ölkəmiz özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb: “Yəni hər kəsə məlum olduğu kimi, Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu iradənin nəticəsi olaraq 10 il öncə, 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb. Bununla da həmin layihənin icrasının əsası qoyulub. Ötən 10 il ərzində Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Üzərində dayanmaq istədiyim digər məsələ isə Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində hansısa addımlar atmaq, səylər göstərmək istəyi ilə bağlıdır. Məhz bu kontekstdə Ş.Mişellə Prezident İlham Əliyevin dekabrlbn 14-də Brüsseldə baş tutan görüşündə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Ümid edək ki, Avropa İttifaqı bu məsələdə reallıqdan çıxış edərək, Ermənistanın üzərinə göturdüyü öhdəliklərin yerinə yetirməsini təmin etmək istiqamətində addım atacaq”.

Politoloq Ceyhun Əhmədli isə Trend-ə açıqlamasında bildirib ki, Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığı genişləndirmək Azərbaycan Respublikasının strateji seçimidir.

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2004-cü ildən etibarən 9 dəfə Brüsselə səfər edib. 2012-ci ildən etibarən Avropa İttifaqı Şurasının Prezidentləri 4 dəfə, 2011-ci ildən isə Avropa Komissiyasının Prezidentləri 2 dəfə Azərbaycanda səfərdə olub. Sonuncu dəfə Aİ Şurasının Prezidenti Şarl Mişel bu ilin iyul ayında ölkəmizdə səfərdə olub. Diqqətə layiq məqamlardan biri də odur ki, Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Bundan başqa, Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır.

Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi təqribən 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında açar əhəmiyyətli ölkələrdən biridir. Bu amil Aİ ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın etibarlı əsaslar üzərində qurulduğunu deməyə əsas verir”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, sevindirici haldır ki, Avropa İttifaqı postkonflikt dövrünün reallıqlarına adekvat yanaşma sərgiləməkdədir: “Təşkilat yeni reallıqlara uyğun olaraq sülh quruculuğu istiqamətində səmərəli fəaliyyət göstərməkdədir. Belə ki, 2021-ci ilin iyun ayında Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, Azərbaycanın 15 ermənini Ermənistana təhvil verməsi kimi humanitar aksiyanın həyata keçirilməsində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik rolu olmuşdur. Bundan başqa, Aİ ölkələrindən olan şirkətlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında iştirakı və ərazilərin minalardan təmizlənməsi işinə töhfə vermələri təqdirəlayiq məqamlardır.

Həmçinin, Aİ Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinin gücləndirilməsinə, o cümlədən regionda kommunikasiyaların açılması prosesinə də töhfə vermək niyyətinidə olduğunu nümayiş etdirmişdir. Ümid edirik və inanırıq ki, Avropa İttifaqı mütərəqqi və sülhpərvər təşəbbüslərinə bundan sonra da sadiq qalacaq”, - deyə C.Əhmədli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti