...

"Dəmir yumruq" yerindədir, erməni separatçılar bunu unutmamalıdır - TƏHLİL

Siyasət Materials 8 Fevral 2022 17:11 (UTC +04:00)
"Dəmir yumruq" yerindədir, erməni separatçılar bunu unutmamalıdır - TƏHLİL

Bakı. Elçin Mehdiyev - Trend:

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni separatçılarının son təxribatları Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradır.

Tərtər ərazisinin atəşə tutulması, Xocalıda aktiv tikinti aparılması, separatçıların təxribatçı bəyanatları və s. kimi təxribatlar ardıcıl şəkildə törədilir. 44 günlük müharibədən əvvəl də bu cür təxribatlar törədilirdi və dərslərini aldılar. O dərsi, deyəsən, unudurlar, lakin “dəmir yumruq” yerindədir və hər an başlarına enə bilər...

Milli Məclisin deputatı Ceyhun Məmmədov Trend-in sualına cavabında bildirib ki, son günlər sülhməramlıların nəzarətindəki ərazilərdə separatçıların təxribatlarının artdığı müşahidə olunur.

“Tərtərin atəşə tutulması, Xocalıda aktiv tikintinin aparılması, xədəklərin qazılması, "Bakcell"in əməkdaşının güllələnməsi, davamlı təxribatçı bəyanatlar səsləndirilməsi, "Arsaxın işğalı haqqında” adlı qanun layihəsinin hazırlanması barədə fikirlər və digər təxribat əməlləri bu fikri bir daha təsdiq edir.

Sülhməramlıların bu prosesə seyirçi qalması, bir sıra hallarda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurur. Sülhməramlıların əsas missiyası bölgə xalqları arasında sülhü, qarşılıqlı etimadı, birgəyaşayışı təmin etməkdir.

Təəssüf ki, sülhməramlılar bu məsələlərlə bağlı heç bir ciddi addımlar atmırlar. Əksinə, başları burada humanitar aksiyalara qarışıb. Bir gün tikinti həyata keçirir, ərzaq paylayır, o biri gün məktəblərdə görüşlər keçirirlər. Ermənilər də bundan istifadə edərək öz xəbis niyyətlərini həyata keçirir, yeni təxribatlar törətməyə davam edirlər. Bu təxribatlara mütləq son qoyulmalıdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, separatçılar unutmasınlar ki, "dəmir yumruq" hər zaman hazırdır. “Əgər belə təxribatlar davam etsə, bunun cavabı çox sərt və ağır olacaq. Azərbaycan bölgəyə davamlı sülhün gəlməsinə çalışır. Bütün addımlar buna hesablanıb. Ermənistan konkret mövqe bildirməlidir. Əgər sülh istəyirsə, Azərbaycan sülhə hazırdır. Yox, məqsəd müharibədirsə və Azərbaycanın səbrini sınağa çəkməkdirsə, bunun aqibəti ermənilər üçün heç yaxşı olmayacaq. Bu millətin həm də, deyəsən, unutqanlıq xəstəliyi var. Başlarına gələnləri tez unudurlar. Ermənistan Vətən müharibəsində başına gələnlərdən çox ciddi nəticələr çıxarmalıdır. Əgər çıxarmasa, yenidən "dəmir yumruq" işə düşəcək və bu dəfə zərbə daha ağır olacaq, itkilərin sayı daha da artacaq. Azərbaycan 44 günlük müharibədə bunu bütün dünyaya göstərdi”, - deyə o vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov da Trend-ə bildirib ki, son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında törədilən təxribatların sayının artması Azərbaycan ictimaiyyətində sülhməramlıların fəaliyyəti ilə bağlı narazılıq yaradır və onların missiyasının məqsəd və məramı ilə bağlı suallar doğurur.

“Qeyd edilən vəziyyət qarşısında sülhməramlıların səssiz qalması və ya yerli erməni qruplaşmalarına dəstək olması regionda sülhə və təhlükəsizliyə böyük təhdidlər yaratmaqla yanaşı, Rusiyanın, Avropa İttifaqının və digər beynəlxalq vasitəçilərin səyi ilə aparılan sülh danışıqlarının taleyini də sual altına qoyur.

Əlbəttə, unutmaq olmaz ki, 44 günlük müharibədən öncə də regionda oxşar hadisələr cərəyan edirdi. Azərbaycanın etirazlarına baxmayaraq, həmin zaman işğalda olan torpaqlarımızda Livandan və digər Yaxın Şərq ölkələrindən gətirilən ermənilər qanunsuz məskunlaşdırılır, bölgədə qanunsuz yaşayış məskənləri salınır, işğalın davamlılığını təmin etmək xəyalı ilə Ermənistandan Qarabağa magistral yollar çəkilir və buna paralel olaraq da Azərbaycan “Yeni torpaqlar üçün yeni müharibələrlə” təhdid olunurdu. Hər birimiz bunun sonunun nə ilə qurtardığını çox yaxşı bilirik. Əminliklə demək olar ki, bugünkü təxribatlara son verilməsə, bölgədəki qanunsuz erməni qruplaşmalarının taleyi daha ağır olacaq”, - deyə V.Hüseynov bildirib.

O əlavə edib ki, Azərbaycan potensial hərbi çağırışlara mütəmadi hazırlaşmaqla yanaşı, problemin qısa zamanda və sülh yolu ilə, silahlı qarşıdurma həddinə çatmadan həllinə ümid edir. Bunun mümkün olması üçün sülhməramlıların öz fəaliyyətində dərhal korrektələr etməsinə, üçtərəfli bəyanatla onların qarşısında qoyulmuş vəzifə və öhdəliklərə sadiq qalmasına, səlahiyətlərini aşmamasına və ya ondan sui-istifadə etməməsinə ciddi ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti