...

Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadi artıma nail olmağı bacarıb - TƏHLİL

Siyasət Materials 14 Fevral 2022 09:33 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Son 3 ildə koronavirus pandemiyası dünya iqtisadiyyatına ciddi mənfi təsirlər göstərib, bir çox dünya ölkələri xeyli iqtisadi geriləməyə məruz qalıb. Pandemiya Azərbaycana da təsirsiz ötüşməyib, lakin dövlətin vaxtında gördüyü ardıcıl və sistemli tədbirlər sayəsində Azərbaycan pandemiyanın mənfi təsirlərini minimuma endirməyə və iqtisadi artıma nail olmağı bacarıb və ötən ili iqtisadi artımla başa vurub.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda dayanıqlı iqtisadiyyat mövcuddur ki, bu da həm post-konflikt, həm də post-pandemiya dövründə iqtisadi artıma nail olmağa imkan verir.

“Ötən gün cənab Prezident İlham Əliyevin iştirakı ilə 330 kilovoltluq “Qobu” elektrik yarımstansiyası və 385 meqavatlıq elektrik stansiyasının istifadəyə verilməsi bir daha Azərbaycan iqtisadiyyatının gücünü göstərir və bir daha sübut edir ki, Azərbaycanda heç bir layihə yarımçıq qalmır.

Ötən il Azərbaycan iqtisadiyyatında artım templəri müşahidə edildi. İqtisadiyyatımız 5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Eyni zamanda Azərbaycanın demoqrafik göstəriciləri də yüksəkdir”, - deyə deputat əlavə edib.

S.Hüseynova vurğulayıb ki, Azərbaycan elektrik enerjisi sahəsində də böyük nailiyyətlər əldə edib.

“Dünən Qobuda açılan nəhəng elektrik stansiyası böyük əhəmiyyətə malikdir. bu cür mühüm layihənin yerinə yetirilməsi həm də bir daha onu göstərir ki, Azərbaycanda enerji sahəsində çox düzgün siyasət həyata keçirilir. Postkonflik və postpandemiya dönəmində belə bir nəhəng layihənin tamamlanması Azərbaycan iqtisadiyyatının gücünü göstərir”, - deyə deputat bildirib.

O qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycanda elektrik enerjisi sahəsində ciddi çətinliklər mövcud idi.

“Azərbaycan elektrik enerjisinə olan daxili tələbatı ödəyə bilmirdi. Ulu öndər Heydər Əliyev o zaman bu istiqamətdə çox ciddi işlər gördü və ölkəmizdə elektrik enerjisinə təlbatın təmin edilməsi istiqamətində əməli tədbirlər həyata keçirildi. Bu gün Davos İqtisadi Forumunun reytinqində Azərbaycan enerji əlçatanlığına görə ilk sıralardadır. Bu gün Azərbaycan artıq elektrik enerjisi ixrac edən ölkəyə çevrilib.

Qobuda açılan nəhəng elektrik stansiyası Azərbaycanın elektrik enerjisi ixrac etmək potensialının artmasına imkan verəcək. bu stansiyanın açılışı eyni zamanda onu göstərir ki, Azərbaycan bu sahəyə də böyük yatırımlar edir ki, bu da uzaqgönrən bir siyasətdir. Çünki bu gün Azərbaycandan elektrik enerji ixracatına tələb artır”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatına 5 faizdən çox artımın qeydə alınması çox sevindirici haldır.

“Üç ildir dünyada davam edən koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib.

Azərbaycan 2020-ci ildə 44 gün Vətən müharibəsindən çıxmış bir ölkə olaraq 2021-ci ildə iqtisadi artıma nail olub. Keçən il iqtisadiyyatımız 5 faizdən çox, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Əlbəttə bu çox sevindirici haldır və cənab Prezident İlham Əliyev qeyd etdiyi kimi 2022-ci il yanvar ayının rəqəmləri də çox müsbətdir çünki adətən yanvar ayında iqtisadi rəqəmlər bir o qədər yüksək olmur. Bu o deməkdir ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan düşünülmüş iqtisadi siyasət yürüdür və bunun nəticəsidir ki, dünya iqtisadiyyatında çətin dönəm olduğu halda Azərbaycan iqtisadiyyatında artım müşahidə edilib”, - deyə deputat bildirib.

O qeyd edib ki, elektrik enerjisi sahəsində də Azərbaycan uğurlara nail olub. “Müstəqillik qazandıqdan sontra elektrik enerjisi sahəsində xarici ölkələrdən asılılığımız var idisə, indi isə tam əksinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılmış məqsədyönlü siyasət nəticəsində Azərbaycan artıq bir sıra ölkələrə elektrik enerjisi ixrac edir və bu da öz növbəsində ölkəmizə əlavə valyutanın gəlməsini təmin edir.

Bununla yanaşı, Prezidentin tapşırığı ilə ölkəmizdə bərpaolunan enerji mənbələri qurulur və bu da gələcəyə hesablanmış uğurlu addımlardır. Bu addımlar ölkəmizin enerji infrastrukturunu müasirləşdirir və daha çox elektrik enerjisi ixrac etmək qabiliyyətimizi artırır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti