...

Baş Qərargah rəisi Quru Qoşunlarında olub (FOTO)

Siyasət Materials 18 Mart 2022 11:51 (UTC +04:00)
Baş Qərargah rəisi Quru Qoşunlarında olub (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzinə gəlib, hərbi qulluqçuların taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsi və müasir döyüş üsullarının praktiki tətbiqi məqsədilə real döyüş şəraitinə uyğunlaşdırılmış təlim nöqtələrinə baş çəkib.

"Komando hazırlığı" kursunda iştirak edən kursantların sosial-məişət şəraiti və təlim-tədris prosesi ilə maraqlanan Baş Qərargah rəisinə məruzə olunub ki, dərslər yeni üsullar tətbiq olunmaqla tədris olunur.

General-polkovnik K.Vəliyev təlim nöqtələrində kursantların nəzəri və praktiki biliklərinin artırılması üçün keçirilən dərs prosesinin gedişatını izləyib. Tədris prosesini müsbət qiymətləndirən Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb, onları qarşıdan gələn Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonra Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirilib.

Görülən işlərin təhlilini aparan Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müşavirədə döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti