Bakı. Trend:
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Ümümdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb.
Səfirlikdən Trend-ə verilən xəbərə görə, bəyanatda deyilir:
“Tarixdə ilk dəfə olaraq, münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur qalan insanların sayı son zamanlarda 100 milyonu ötüb. Bu say dünya əhalisinin 1%-dən çoxunu təşkil edir. Təkcə bu il, Ukraynada müharibə səkkiz milyon insanın ölkədən didərgin düşməsinə və 6.8 milyondan artıq insanın qaçqın kimi ölkəni tərk etməsinə səbəb olmuşdur.
Çoxları Azərbaycanda münaqişə zəminində insanların üzləşdiyi əziyyəti və məcburi köçkünlər icmasının məruz qaldığı çətinlikləri yaxşı bilirlər.
Amerika Birləşmiş Ştatları bütün dünyada yardıma ehtiyacı olan insanlara, o cümlədən qaçqınlara, münaqişə qurbanlarına, məcburi köçkünlərə, vətəndaşlığı olmayan şəxslərə və həssas miqrantlara ən çox humanitar yardım göstərən yeganə ölkədir. Bundan əlavə, Amerika Birləşmiş Ştatları 1975-ci ildən etibarən, ölkə daxili icmalarda 3.5 milyondan çox qaçqını qəbul edən dünya lideridir.
Burada, Azərbaycanda, biz məcburi köçkün icmasına sərmayə qoyuruq və onları dəstəkləyirik. On ildən artıqdır ki, biz ingilis dili proqramları eləcə də, USAID-in inkişaf tədbirləri vasitəsilə məcburi köçkün icmasına sərmayə qoymuşuq. Köçürülmə işləri davam etdikcə biz bu icmanı dəstəkləməyə davam edirik və bu iş daha da vacibdir.
Birləşmiş Ştatlar məcburi köçkünlər və qaçqınlar da daxil
olmaqla bütün köçkünlərin bütün dünyada könüllü olaraq keçmiş
yaşayış yerlərinə qayıtmaq hüquqlarını dəstəkləyir. Birləşmiş
Ştatlar 1992-ci ildən bəri Azərbaycanda məcburi köçkünlərə 125
milyon dollardan çox yardım edib və bu icmaya dəstək vermək
öhdəliyinə sadiq qalır. Uşaqlar üçün olan bu ünvanlı yardıma
məktəblərin tikilməsi və təmiri, gənclərin inkişafı proqramları və
məcburi köçkün icmalarına ingilis dili proqramları daxildir. Bundan
əlavə, Birləşmiş Ştatlar Azərbaycanın insan təhlükəsizliyini
gücləndirmək və məcburi köçkün icmalarına öz evlərinə qayıtmaq və
həyatlarını təhlükəsiz şəkildə bərpa etmək səylərinə kömək etmək
üçün Azərbaycana humanitar minatəmizləmə yardımı göstərir.
Keçən payızda Gəncədə olarkən mən Səfirliyin dəstəyi ilə Amerika
guşəsində ingilis dilini öyrənən gənc məcburi köçkün tələbələrin
ilhamverici qrupu ilə görüşdüm. Bu gün, Ümumdünya Qaçqınlar Günündə
mən onları və onların gələcəyini düşünürəm. Ümid edirəm ki, biz
hamımız qaçqınların, məcburi köçkünlərin və münaqişə və fəlakətdən
zərər çəkmiş icmaların müdafiəsi və yardımı üçün müdafiəni davam
etdirə bilərik”.