Bakı. Trend:
Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində çıxışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.
Özbəkistan Prezidenti bildirib:
"Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edirəm.
Heydər Əliyevin fəaliyyətini, onun sanballı şəxsiyyətini və böyük irsini dünyanın müxtəlif ölkələrinin görkəmli siyasətçiləri və ictimai xadimləri yüksək qiymətləndirirlər.
Hörmətli mərasim iştirakçıları, bizim ölkələrimiz arasında dostluq münasibətlərinin, iki xalqın tarixi əlaqələrinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük töhfəsini xüsusi qeyd etmək istərdim. Onunla Özbəkistanın rəhbərləri Şərəf Rəşidoviç Rəşidov, daha sonra İslam Abduqəniyeviç Kərimov arasında etimada əsaslanan səmimi münasibətlər yaranmışdı. Bizim liderlər arasında dostluq iki ölkənin və iki qardaş xalqın sıx qarşılıqlı əlaqə saxlamasına, fəal mübadilələri, o cümlədən humanitar mübadilələri inkişaf etdirməsinə imkan verib. Azərbaycan xalqının Ümummilli Lideri özbək xalqına həmişə böyük hörmətlə yanaşırdı. Hərtərəfli savadlı və əsl ziyalı insan olan Heydər Əliyev bizim tariximizə, mədəniyyətimizə və ənənələrimizə səmimi heyranlığını bildirirdi. Məsələn, 1996-cı ildə Daşkənddə olarkən, Heydər Əliyev Teymurilər Tarixi Muzeyini ziyarət edərək Fəxri qonaqlar kitabında yazdığı qeyddə xüsusi olaraq vurğulamışdı: “Əmir Teymurun xidmətlərinə, onun tarixi irsinə qayğıkeş, hörmətli münasibətə görə Özbəkistan xalqı çox sağ olsun”. Bu, yüksək mənəviyyat və müdriklik təzahürüdür".