...

Əqli Mülkiyyət Agentliyinin rəhbəri beynəlxalq tədbirdə çıxış edib (FOTO)

Siyasət Materials 4 İyul 2022 11:32 (UTC +04:00)

Bakı. Trend:

Cari ilin 29 iyun – 1 iyul tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində "Onuncu Peterburq Beynəlxalq Hüquq Forumu" keçirilib.

Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, forum çərçivəsində iyunun 30-da əqli mülkiyyət məkanına aid sessiya təşkil olunub. Moderatoru Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyev olan tədbirdə Rusiya Federasiyasının Əqi Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri Yuriy Zubov, Rusiya Federasiyasının İqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç, Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzinin direktoru Mixail Fedotov, Avrasiya İqtisadi İttifaqının Məhkəməsinin hakimi Tatyana Neşatayeva və əqli mülkiyyət sahəsi üzrə dövlət və özəl sektorun nümayəndələri iştirak edib.

Sessiyaya onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov “Yaradıcılıq müəllifliyin əsası kimi” mövzusunda məruzə ilə çıxış edib.

Geniş təqdimatda müəlliflik yaradıcının fərdiliyinin inikası kimi, müəlliflik əqli və yaradıcı fəaliyyətin prizmasında, müəlliflik və müəlliflik hüququnun obyekti, "yaradıcı xarakter" ("yaradıcı iş") meyarı, müəlliflik hüququ və patent hüququnda oxşarlıq və fərqlilik, normativ-hüquqi tənzimləmə mexanizmi və dövlət siyasəti çərcivəsində müəllifin maraqlarının ödənilməsinin incəlikləri, müəlliflik hüququnun əqli mülkiyyət hüquqları ekosistemində yeri məsələləri təhlil edilib və onların müasir dövrün tələbləri səviyyəsindəhəllərinə dair təkliflər verilib.

K.İmanovun məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlarla qarşılanıb. Q.İvliyev, professor M.Fedotov və digərləri məruzədə qaldırılan məsələlərin əqli mülkiyyət sahəsinə dair hüquq nəzəriyyəsinin tədqiqi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. M.Fedotov Azərbaycan nümayəndəsinin elmi araşdırmalarının davamı olaraq birgə məqalə və daha sonra monoqrafiyanın yazılmasını təklif edib.

Sessiyada həmçinin M.Fedotovun məruzəsi təqdim edilib, digər çıxışlar olub.

Qeyd edək ki, yubiley Onuncu Peterburq Beynəlxalq Hüquq Forumu vətəndaşların, biznesin maraqlarına uyğun hüquq məsələləri, hüquq-mühafizə təcrübəsinin təkmilləşdirilməsi, müasir şəraitdə hüquqi mədəniyyətin inkişaf etdirilməsi və sosial-iqtisadi sahənin tənzimlənməsi məqsədi ilə qanunvericilik təşəbbüslərinin təşviqi üzrə hüquq, biznes, siyasi və hüquq-mühafizə sektorlarının nümayəndələrinin dialoq platformasıdır.

K.İmanovun məruzəsi ilə buradan tanış ola bilərsiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti