...

Beynəlxalq ictimaiyyət azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir - Amerikalı ekspertlər

Siyasət Materials 3 Avqust 2022 10:58 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir - Amerikalı ekspertlər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Əgər beynəlxalq ictimaiyyət azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək edə bilərsə, o, bunu əlbəttə ki, etməlidir.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta deyib.

O, Qarabağda minaların partlaması və nəticədə insanların həlak olması ilə bağlı narahatlığını bildirib və xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.

"Bu, həddən artıq təhlükəli, amma çox vacib işdir. Mən Azərbaycana səfir qismində gələndən sonra Gəncəyə ilk səfərim zamanı ANAMA nümayəndələri ilə görüşümü xatırlayıram və bilirəm ki, Azərbaycanda minaların təmizlənməsi sahəsində bacarıqlı mütəxəssislər var", - deyə o bildirib.

Sabiq səfir bildirib ki, minalar və partlamamış sursatlar bir çox ölkələrdə, məsələn, dünyanın ən çox minalanmış ölkəsi hesab olunan Misir, Qərbi Balkanlar və Qərbi Avropanın bəzi hissələrində problemdir.

Onun sözlərinə görə, ərazilərin partlamamış sursatlardan təmizlənməsi ilə məşğul olan mütəxəssislər öz bilik və bacarıqlarını bir-biri ilə bölüşməlidir ki, hər kəs bu ölümcül əşyaların törətdiyi təhdidlərə qarşı səmərəli şəkildə mübarizə apara bilsin.

ATƏT Minsk qrupunun ABŞ tərəfindən sabiq həmsədri Riçard Hoqland öz növbəsində hesab edir ki, minaların tətbiqinin qadağan olunmasına dair konvensiya qəbul etmək lazımdır.

"Acı həqiqət ondan ibarətdir ki, münaqişədən sonra minaların təmizlənməsi uzun və qeyri-dəqiq əməliyyatdır. Hətta ən dəqiq xəritələrlə belə hər bir minanın yerini müəyyənləşdirmək çətindir. "Halo Trust" kimi ixtisaslı istehkamçı qruplar olsa da, hətta onlar da bəzən bütün minaları aşkar edə bilmir. Bəlkə də beynəlxalq ictimaiyyət artıq minaların tətbiqinin qadağan olunmasına dair konvensiya qəbul etməlidir. Bu, fikir ayrılıqlarına gətirib çıxara bilər, amma bunun üzərində düşünmək lazımdır", - R.Hoqland deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti