Bakı. Trend:
Azərbaycan bütün ölkələrlə münasibətlərində həmişə açıq siyasət yürüdüb və başqa ölkələrdən də eyni mövqe gözləməyə haqqı var. Azərbaycan ictimaiyyətində Fransaya etimadsızlığın əsas səbəblərindən biri də bu ölkənin regionla bağlı siyasətində müşahidə olunan anlaşılmazlıqlardır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Deputat Vətən müharibəsindən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün yeni imkanlar yarandığını, lakin Fransanın bəzi addımlarının bu prosesə mane olduğunu vurğulayıb.
Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın bir neçə gün öncə Milli Assambleyadakı çıxışına toxunan millət vəkili bildirib ki, bu cür bəyanatlar bölgədə vəziyyəti gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir.
O qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə Fransaya Cənubi Qafqazla bağlı siyasətində, xüsusilə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə yanaşmasında tərəfsiz olmaqla bağlı çağırışlar edib.
“Müxtəlif görüşlərdə biz fransalı həmkarlarımızın diqqətinə Azərbaycanı narahat edən məqamları çatdırmışıq. Biz hər zaman o mövqedən çıxış etmişik ki, münasibətlərin zədələnməsinə, qarşılıqlı etimadın zəifləməsinə yol vermək doğru deyil. Lakin təəssüf ki, Fransa öz siyasətini, yanaşmasını dəyişmir. Daha çox Ermənistanın maraqlarını müdafiə edir. Bu, əlbəttə ki, Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində iştirakının nə dərəcədə səmərəli ola biləcəyinə dair müəyyən suallar yaradır”, - deyə deputat bildirib.
S.Məmmədov Fransanın müxtəlif təşəbbüslərlə regiondakı proseslərdə əsas oyunçu rolunu üzərinə götürməyə çalışdığını, Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi kimi çıxış etmək cəhdlərinin müşahidə olunduğunu vurğulayıb.
O qeyd edib ki, Fransanın ötən dövrdə atdığı bir çox addımlar, eləcə də hazırkı siyasəti tərəfsiz vasitəçi ola biləcəyinə şübhələr yaradıb.
“Azərbaycan ictimaiyyəti Fransanın vasitəçi kimi prosesdə iştirakını dəstəkləmir. Çünki biz 30 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri olmuş bu ölkənin işğalçılıq faktına laqeyd münasibətinin şahidi olmuşuq. Azərbaycanın məruz qaldığı terror və soyqırımı aktları, təcavüz faktı Fransada ciddi qınaq obyekti olmayıb. Ona görə də düşünürəm ki, Fransanın artıq gündəmdə olmayan məsələləri qabartmaq, danışıqlar prosesində vasitəçilik missiyasını icra etmək cəhdləri faydasızdır”, - deyə o əlavə edib.