Bakı. Trend:
Yeni Azərbaycan Partiyası təsis olunmasının 30 illiyini təntənə ilə qeyd etdi. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbirdəki proqram xarakterli, dərin məzmunlu nitqi 30 illik çətin və şərəfli yolun, bu fonda perspektivlərin təqdimatı oldu. Yeni Azərbaycan Partiyasının hansı şəraitdə yarandığını, bütün çətinlikləri tutduğu yola sadiqliyi ilə dəf etməsini xatırlamaqla bugünkü inkişafının böyük səylərin, qətiyyətin nəticəsi olduğunu böyük əminliklə qeydə edə bilərik. YAP xalqın partiyasıdır. Çünki partiyanın sıralarında bütün kateqoriyadan olan insanlar təmsil olunur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyada təmsil olunan hər kəs bu yenilməz siyasi qüvvənin adında ehtiva etdiyi məqamları önə çəkərək daim müasir müstəqil Azərbaycanın davamlı uğurlara imza atmasına dəstək olmaq üçün səy göstərir.
Prezident, YAP Sədri İlham Əliyev partiyamızın yaranmasının 30 illiyinə həsr olunmuş təntənəli mərasimdə qeyd etdi ki, partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan çətin günlər yaşayırdı. Müstəqilliyimizin bərpasının cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmiş, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycanın vətənpərvər, ölkənin gələcəyini düşünən insanları nicat yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Onlar məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 550 nümayəndənin iştirakı və burada qəbul olunan tarixi qərarlar ölkəmizin həyatında yeni səhifənin açılmasına gətirib çıxardı. Bu mühüm addımın atılmasından 7 ay sonra YAP iqtidar partiyasına çevrildi.
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ölkəmizin siyasi mənzərəsi tamamilə dəyişdi. Azərbaycan yenidən quruldu, dövlətçiliyin əsasları yaradıldı. Ən əsası dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, tariximizin qara səhifəsi bağlandı.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqində ehtiva olunan çağırışlardan geniş bəhs edərək bildirib ki, Azərbaycanın bütün sahələrdə malik olduğu imkanlar, eyni zamanda, hər bir işin sistemli şəkildə həyata keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “Ulu öndər Heydər Əliyev dühasından yaranan YAP-ın 30 illik tarixinin hər səhifəsini bu gün qürurla vərəqləyirik. Azərbaycanın bu illər ərzində böyük inkişaf yolu keçdiyini hər bir sahədə təcrübəsinin nümunə olduğunu, sözü ilə imzası arasında heç bir fərqin olmadığını bildirən dövlət başçısı İlham Əliyev bu uğurlarla bərabər, onu əlavə etdi ki, bu gün hələ də görüləsi işlər çoxdur.
İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə, bütün bunlar gündəlikdə duran məsələlərdir. Ölkə Prezidenti bu əminliyi ifadə etdi ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün ölkəmizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq.
Hər bir ölkənin inkişafında iqtisadi müstəqilliyin rolu
inkaredilməzdir. İqtisadi cəhətdən başqasından asılı olan ölkələr
müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Dövlət
başçısı İlham Əliyevin çıxışlarında bu məqam hər zaman önə çəkilir.
Ölkə Prezidenti sözügedən nitqində də iqtisadi amilin müstəqil
siyasətdə roluna diqqəti yönəldərək bildirdi ki, hər zaman
siyasətimizin ancaq xalqımızın iradəsini əks etdirməsini
istəyirdik. İstəyirdik ki, heç bir kənar qüvvə iradəmizə təsir edə
bilməsin. İqtisadi güc, iqtisadi müstəqillik bütün başqa
sahələrdəki fəaliyyətin təməlidir. Ən mütərəqqi təcrübə
Azərbaycanda tətbiq edilir.”
YAP Xətai rayon təşkilatının sədri diqqəti 2003-cü ildən bu günədək
Azərbaycanın qazandığı uğurlara yönəldərək bildirib ki, Azərbaycan
xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, Ulu Öndərin
şəxsiyyətinə dərin hörmətini ifadə edərək Heydər Əliyev siyasətinə
səs verdi: “Cənab İlham Əliyev Prezident seçildikdən sonra
keçirilən andiçmə mərasimində bu vədini açıqladı ki, Azərbaycanın
daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam
etdirilməlidir. Son 19 ilin hadisələri göstərir ki, belə də oldu.
Ulu Öndərin bütün tapşırıqları, tövsiyələri yerinə yetirildi.
Yeganə həll olunmamış məsələ Qarabağ münaqişəsi idi. Ulu öndər
Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli müraciətində axıra
çatdıra bilmədiyi taleyüklü məsələlərdən bəhs edərkən sözsüz ki,
Qarabağ məsələsini nəzərdə tuturdu. Bunun üçün Azərbaycan gücləndi,
ordumuz Qələbəyə hazırlandı, məsələnin həlli üçün möhkəm hüquqi
baza formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın
malik olduğu imkanların, birliyimizin, həmrəyliyimizin təqdimatı
oldu. 8 Noyabr tarixi xalqımızın yaddaşında əbədi olacaq. Qarabağın
tacı Şuşanın işğaldan azad edildiyi həmin gün dövlət başçısı İlham
Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis olundu. 2020-ci il
noyabrın 8-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan Zəfər
müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini
yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.
Torpaqlarımızın işğaldan azad edilməsi ilə ulu öndər Heydər
Əliyevin sonuncu vəsiyyəti də yerinə yetirildi.”
“Artıq işğalçılardan təmizlənmiş torpaqlarda bərpa-quruculuq işləri geniş vüsət alıb” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevrilməsi hər bir azərbaycanlını qürurlandırır. Böyük Qayıdış proqramı davamlı şəkildə icra edilir. Dövlət başçısı İlham Əliyevin çağırışlarla zəngin nitqi 30 ilin uğurlarının növbəti illər üçün möhkəm baza olduğunu təsdiqləyir.