...

Azərbaycan tarixi Qələbəni quruculuq müstəvisində möhkəmləndirir - Tahir Budaqov

Siyasət Materials 24 Dekabr 2022 12:45 (UTC +04:00)
Azərbaycan tarixi Qələbəni quruculuq müstəvisində möhkəmləndirir - Tahir Budaqov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Artıq Böyük Qayıdış prosesinə start verilib və Azərbaycan tarixi Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirir.

Trend-in məlumatına görə, bunu bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına həsr olunan konfransdaYeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, tarixi ədalətin, respublikamızın ərazi bütövlüyünün və xalqımızın milli ləyaqətinin bərpasını təmin edən şanlı Zəfər istər ölkəmizdə, istərsə də bütövlükdə Cənubi Qafqaz regionunda yeni siyasi, sosial-iqtisadi, mədəni-humanitar və hərbi-strateji çağırışların meydana çıxmasını şərtləndirdi.

"Əvvəla, Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal faktının, separatizmin hökm sürdüyü, toqquşma və qarşıdurmaların intensiv xarakter daşıdığı bölgədə yeni əməkdaşlıq imkanlarının və təhlükəsizlik mühitinin formalaşdırılması üçün əlverişli şərait yaratdı. Bu imkanlardan səmərəli istifadə Cənubi Qafqazın uzunmüddətli perspektivdə həm region dövlətlərinin, həm də güc mərkəzlərinin maraqlarının uzlaşdığı çoxşaxəli tərəfdaşlıq məkanına çevrilməsini mümkün edir. Bu isə geosiyasi və hərbi-strateji baxımdan mühüm əhəmiyyətə malik olmaqla yanaşı, iqtisadi cəhətdən də faydalı və perspektivlidir. Digər tərəfdən, postmüharibə dönəmində yeni hədəflər müəyyənləşdirən Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sistemli fəaliyyət həyata keçirməklə həm mütərəqqi quruculuq və regional inkişaf modeli, həm də bölgədə yeni tərəfdaşlıq platforması yaradır. Belə ki, müəyyən olunmuş strateji prioritetlərə uyğun olaraq Azərbaycan öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan istifadə edərək və innovasiyalar tətbiq etməklə bərpa-quruculuq işləri aparır. Bu proses çərçivəsində xarici tərəfdaşlarla da səmərəli əməkdaşlıq əlaqələri qurulub və birgə təşəbbüslər əsasında mühüm layihələr reallaşdırılır. Tərəfdaşlıq zəminində ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələrinin müasir konsepsiyalar əsasında qurulması, nəhəng infrastrukturun yaradılması, iqtisadi fəaliyyətin bərpası və digər addımlar Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın təmin olunmasına əlverişli şərait yaradır",- T.Budaqov deyib.

YAP sədrinin müavini bildirib ki, Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir: "Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndə əksini tapan vəzifələrin ardıcıl olaraq yerinə yetirilməsi bu istiqamətdə qarşıda duran hədəflərə çatmağa imkan verəcək. Böyük Qayıdış proqramı çərçivəsində görüləcək işlər həmin ərazilərdə iqtisadi fəallığın təmin olunması və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, sosialyönümlü iqtisadiyyatın inkişafına, o cümlədən məşğulluğun artmasına, əhalinin rifahının yüksəlməsinə əlavə təkan verəcək.
İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası da quruculuq və Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni quruculuq tədbirləri də istər Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə və intibahına, istərsə də milli yaddaşımızın bərpasına, Azərbaycanın zəngin tarixi ənənələrinin və milli-mənəvi dəyərlərimizin dünyaya təqdim olunmasına müstəsna töhfədir.

İnkaredilməz həqiqətdir ki, Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün iftixarla qeyd edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir. Artıq Böyük Qayıdış prosesinə start verilib və Azərbaycan tarixi Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirir. Bu, istər ölkədə, istərsə də regional miqyasda keyfiyyətcə yeni mərhələnin başlanğıcı və yeni perspektivlər deməkdir.

Əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və hazırda Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik!”.

Heç şübhəsiz, Heydər Əliyev ideyalarının təntənəsi və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin real nəticəsi olan Böyük Qayıdış çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevriləcək və daha güclü Azərbaycanın etibarlı bünövrəsini təşkil edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti