...

Azərbaycan səfirliyinə terror hücumunun məsuliyyətini İran daşıyır - Ceyhun Məmmədov

Siyasət Materials 27 Yanvar 2023 12:24 (UTC +04:00)
Azərbaycan səfirliyinə terror hücumunun məsuliyyətini İran daşıyır - Ceyhun Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror hadisəsinə görə İran dövləti məsuliyyət daşıyır. Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur. “Ən kiçik təxribat cəhdinin belə qarşısı qətiyyətlə alınır. İranda bizim səfirliyimiz də yüksək səviyyədə qorunmalı idi. Lakin görünən odur ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur, çünki İran terrora dəstək verən əsas ölkələrdən biridir”, - deyə deputat bildirib.

C.Məmmədov vurğulayıb ki, burada eyni zamanda, İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür. “Səfirliyimizə silahlı hücumla bağlı məsuliyyəti bilavasitə İran tərəfi özü daşıyır. Çünki İran mediası, televiziya kanalları, radiosu, qəzetləri davamlı olaraq Azərbaycan əleyhinə düşmənçiliyi təbliğ edirlər. Bir neçə gün əvvəl SEPAH-ın Xudafərin körpüsünə doğru yürüyüş etməsi ilə bağlı videosu da yayılmışdı. Bütün bunlar müəyyən zəmin yaradır”, - deyə deputat bildirib.

O qeyd edib ki, İran tərəfi səfirliyimizdə törədilən terror hadisəsinin mahiyyətini təhrif etməyə çalışır, hadisənin guya məişət zəminində olmasını iddia edir. “Lakin hər şey göz önündədir. İranın Azərbaycana qarşı düşmənçiliyi uzun müddətdir ki, davam edir və terror hadisəsini törədən terrorçunun İran xüsusi xidmət orqanları ilə bağlılığı istisna deyil”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti