...

Səfirliyimizə qarşı terrorun arxasında dayanan qüvvələr cəzalandırılmalıdır - Cavid Osmanov

Siyasət Materials 27 Yanvar 2023 16:26 (UTC +04:00)
Səfirliyimizə qarşı terrorun arxasında dayanan qüvvələr cəzalandırılmalıdır - Cavid Osmanov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İrandakı səfirliyində terror aktının törədilməsi ölkəmizdə şiddətlə qınanılır və tezliklə bu terror hadisəsini törədənlər, onun arxasında dayanan qüvvələrin aşakarlanıb cəzalandırılması tələb olunur. İran terrora dəstək verən ölkə olub.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin, eyni zamanda, Azərbaycan səfirliyinin toxunulmazlığına heç bir zəmanət yoxdur.

“Çünki indiki hakimiyyət terror hadisələrini törədənlərin, terror təşkilatı yaradanların arxasında duran qüvvələrdir. İranda indiyə qədər bir çox səfirliklərə, diplomatik nümayəndəliklərə, xarici vətəndaşlara qarşı terror hadisələri törədilib. Azərbaycan səfirliyində də törədilən bu terror hadisəsi cəmiyyətimizi çox ciddi narahat edir. Azərbaycan tərəfi İran tərəfindən bu terror hadisəsini obyektiv araşdırmağı gözləyir, ancaq buna da ümid yoxdur. İranın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi, əsassız ittihamlar səsləndirməsi, Azərbaycanla münasibətləri gərginləşdirməsi fonunda bunlar heç də ümidverici deyil”, - deyə deputat əlavə edib.

C.Osmanov vurğulayıb ki, hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. “Əlbəttə ki, birmənalı qeyd etmək olar ki, onun İranın xüsusi xidmət orqanları ilə, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair çox böyük şübhələr var. Səfirliyimizin mühafizəçisi terrorun qarşısını almasaydı, terrorçu səfirliyin bütün əməkdaşlarını qətlə yetirəcəkdi.

Yaxınlıqda olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da operativ addımların atılması müşahidə olunmur. Çox təəssüf ki, İran terror hadisəsinin mahiyyətini təhrif etməyə çalışaraq bunun məişət hadisəsi olduğu haqda absurd fikirlər səsləndirdilər. Bunun arxasında dayanan qüvvələr ciddi araşdırılmalı və hüquq qarşısında cavab verməlidirlər”, - deyə o əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti