Bakı. Trend:
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Haaqa şəhərindəki Xocalı abidəsi ziyarət edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin dəstəyi ilə baş tutan anım mərasimində Azərbaycan və Türkiyə səfirləri, ölkələrimizin icma üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Xocalı abidəsinin önünə əklillər düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev, Türkiyənin Niderland Krallığındakı səfiri Səlçuk Ünal və Cənubi Holland regionu üzrə Xristian-Demokrat Çağırış Partiyasının şura üzvü Maykl Roksir çıxış ediblər.
Xocalı soyqırımı məsələsində ədalətə nail olmaq naminə “iki dövlət, bir millət”in diasporunun var gücü ilə çalışmasının önəmi vurğulanıb, Azərbaycan dövlətinin soyqırımı törədənlərin ədalət qarşısına çıxarılmasına nail olacağına əminlik ifadə edilib. Qardaş Türkiyə xalqının hər zaman Azərbaycanı dəstəklədiyi, sevincini və kədərini bölüşdüyü, Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin vacibliyi diqqətə çatdırılıb.
Abidənin önündə şamlarla “Xocalıya ədalət!” tələbi həkk olunub.