Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması olduqca əhəmiyyətli təşəbbüsdür və onun dünya səviyyəsində nüfuzu artıb.
Trend xəbər verir ki, bu fikirləri BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima Prezident İlham Əliyev ilə görüşündə söyləyib.
Dövlətimizin başçısını Qoşulmama Hərəkatının sədri olaraq uğurlu fəaliyyətinə və Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik edən Vinni Byanyima Hərəkatın bugünkü beynəlxalq münasibətlərdə çox vacib rol oynadığını vurğulayıb.
Qonaq qeyd edib ki, Azərbaycan səhiyyə sahəsində, o cümlədən yoluxucu xəstəliklər və AİDS-ə qarşı mübarizədə uğurlar qazanıb, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlər əldə olunub. O, rəhbərlik etdiyi təşkilatın Afrika qitəsində və digər ölkələrdə həyata keçiriləcək layihələrinə Azərbaycanın dəstək göstərməsini xahiş edib.