Bakı. Trend:
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu tərəfindən İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransın nəticələrinə dair birgə kommünike dərc olunub.
Trend-in məlumatına görə, bəyanatda deyilir:
"Konfrans islamofobiya ilə onun bütün formalarında və təzahürlərində mübarizəyə töhfə verməlidir. Konfrans iştirakçıları BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 15 mart tarixini islamofobiya ilə mübarizə günü elan edən 12408 (2022) saylı qətnaməsinə istinad edərək islamofobiyanın irqçiliyin yeni forması kimi yarandığını və özündə həmçinin ayrı-seçkilik, stiqmatizasiya və həyatın bütün sferalarında özgələşdirməni ehtiva etdiyini vurğulayıblar.
Konfransda iştirakçılar tərəfindən islamofobiya ilə mübarizədə sektorlararası yanaşma məsələləri, Qərb mədəniyyətlərində müsəlmanlarla bağlı konspiroloji nəzəriyyələr, islamofobiyaya tarixi və müasir baxışlar, islamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu, dini müxtəliflik və konfessiyalararası hörməti təşviq etmək etməklə ahəngdar cəmiyyətlərin qurulması məsələləri müzakirə olunub.
İştirakçılar islamofobiya və oriyentalizmin bütün mürəkkəbliyi ilə Avropa kolonializmində dərin köklərə malik olduğunu etiraf ediblər, onlar siyasətçilər arasında islamofob fikirlərin və düşüncələrin olduğunu və bunların Avropa Parlamentindən tutmuş yerli bələdiyyələrə kimi - bütün səviyyələrdə siyasi təsisatlarda təsirini vurğulayıblar.
Avropada və dünyanın digər yerlərində mövcud olan və son vaxtlarda özünün pik həddinə çatan struktur islamofobiyanın təzahürlərinin daima güclənməsi ilə əlaqədar dərin narahatlıq ifadə olunub
Konfrans iştirakçıları İslama və müsəlmanlara qarşı inklüziv cəmiyyətlərin əsaslarını sarsıdan zehniyyətin və qərəzli münasibətin yayılmasının qarşısını almağa çağırmaqla yanaşı, söz azadlığı ilə nifrətin qızışdırılması arasında aydın sərhədlərin müəyyən edilməsinin, böhtan və istehza xarakterli ritorikanın (məsələn, Charlie Hebdo nümunəsində olduğu kimi) qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Konfrans mövcud hüquqi vasitələrin və siyasi tədbirlərin genişləndirilməsinə görə beynəlxalq təşkilatların və siyasətçilərin məsuliyyətini təsdiqləyib, belə ki, bunlar İslama və müsəlmanlara qarşı stereotiplərlə mübarizədə yetərli deyil.
İştirakçılar islamofobiya ilə mübarizədə əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə razılığa gəliblər.
Həmçinin, konfrans təşkilatçılarına vaxtında göstərilən təşəbbüsə və qonaqpərvərliyə görə minnətdarlıq ifadə olunub".