...

Paşinyanın "demokratiya" şousu: Fransızlar demişkən, "Stop!"

Siyasət Analytics 29 Mart 2023 19:52 (UTC +04:00)
Paşinyanın "demokratiya" şousu: Fransızlar demişkən, "Stop!"
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın da qatıldığı "Demokratiya sammiti"ndə Azərbaycana ünvanlanmış ittihamlar və bəyanatı şərh etməmək də olardı. Amma rəsmi İrəvan həmişə olduğu kimi, geosiyasətə zoologiya elementləri qataraq sammiti sirkə çevirməyi "bacardı".

1880-ci ildə dahi fransız yazıçı Gi de Mopassan "Des Vers" əsərində filosof Qüstav Floberə yazdığı məktubundan belə iqtibasa yer vermişdi: "Yerin sərhədləri var, amma insan axmaqlığı hüdudsuzdur".

Ermənistanın baş naziri Nikol Paşinyan özünü dünyanın ən qəvi və mətin frankofonlarından, Fransa aşiqlərindən biri, Fransanın dövlət başçısı Emmanuel Makronu isə az qala mənəvi atası saysa da, onun Mopassan yaradıcılığına bələd olmasına dərin şübhələrim var. Olsaydı, bu gün İrəvanda, Baqramyan küçəsi 26 ünvandakı binanın ikinci mərtəbəsindəki iş otağında kamera qarşısına keçərək İcevan ləhcəsindəki erməni diksiyası ilə "ingilis" dilində 2-ci Demokratiya Sammitinin iştirakçılarına xitab etməzdi.

Amma olan olub və bu səbəbdən də ingilis dilində ingilisləri öz dilinə kəc baxmağa vadar edəcək qədər "möhtəşəm" danışan Nikol Paşinyanın çıxışını təqdim edirik.

"Demokratik ölkələr soyqırımıların və vəhşiliklərin qarşısını almaq üçün çox şey etməlidir – məsələn, Dağlıq Qarabağda ermənilərin başına gələnlər", - Nikol Paşiyan deyib.

Bəli, razıyıq. Sadəcə, demokratik ölkələr yox, hətta Şimali Koreya, Esvatini və ya Myanma kimi diktaturalar da soyqırımılarla vəhşiliklərin qarşısını almalıdır.

Fəqət, nə etməli ki, ermənilərin azərbaycanlılara qarşı son 2 əsrdə 4 soyqırımının qarşısı alınmadı, dünya ölkələri lal, kar və kor olaraq daşnakların silahsız soydaşlarımızı güllələməsinə, qadınlara, uşaqlara və qocalara divan tutmasına laqeyd qaldı.

Erməni vəhşiliklərinin təsnifatı aparılarsa, alman nasistlərinin və ya Kambocadakı "qırmızı khmer"lərin sadizmi kölgədə qalar: hər halda onlar südəmər uşaqları dəmir borulara dolduraraq yandırmayıblar, qoca qadınların üzərindən tankla keçməyiblər, çağaları havaya ataraq süngü ilə "tutmayıb"lar.

Amma erməni terrorçular, daşnaklar bütün bunları azərbaycanlılara qarşı ediblər.

Paşinyanın "Dağlıq Qarabağ" adlandırdığı, əslində, Azərbaycanın Qarabağ iqtisadi zonasının şimal hissəsi olan ərazilərdə yaşayan ermənilərin gerçəkdən də sürətlə azalmasına yönəlmiş şəraiti yaradan, həyat və təhülkəsizliklərini sürəkli ağır təhdidlərlə üzləşdirən, gələcəkdən və perspektivdən, sağlamlıqdan və yaşamdan məhrum etməyə çalışan məhz Ermənistandır.

Ermənistan qarabağlı erməni ailələri işsizliyə, yoxsulluğa, səfilliyə sürükləyib.

Xankəndidə olsa da, İrəvandan tam idarə olunan marionet yığınağı terror, repressiyalar, qətllər və həbslər vasitəsilə qarabağlı ermənilərin həyatlarını məşəqqətə çevirib.

Məhz Ermənistanın əmr və göstərişləri əsasında qarabağlı erməni gənclər çağdaş hərb elminə görə potensial məzar sayıla biləcək eybəcər səngərlərə gömülür, onlara silah verilərək "Azərbaycan Ordusunun mövqelərinə atəş açın" deyilir.

N.Paşinyan müraciətində daha sonra deyib: "Ölkəmizdə demokratik təsisatların güclənməsi ilə paralel olaraq, 2022-ci ilin sentyabrında biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə qarşı təcavüzlə üzləşmək məcburiyyətində qaldıq və bu, suveren ərazilərimizin bir hissəsinin Azərbaycan tərəfindən işğalına səbəb oldu”.

Burada, fransızlar demişkən, "Stop!"

Əvvəla, N.Paşinyan hakimiyyətə gələndən (gətiriləndən) sonra Ermənistanda siyasi opponentlərdən və rəqiblərdən qisas almaq oradakı mövcud iqtidarın iş prinsipinə çevrilib.

Məhz "demokratik" Ermənistanda 2021-ci ilin iyulun 15-də İrəvandakı məhkəmələrdən birində, iclas zalında məşhur erməni prodüser, Paşinyan hakimiyyətinə kəskin müxalif mövqeyi ilə tanınan Armen Qriqoryan keçindi. Uydurma ittiham əsasında həbs olunmuş Qriqoryanın ürəyi yatmışdı.

Belə ölümlərin sayı onlarladır.

Polis idarələrində işgəncələrdən sonra ölənlər, küçələrdə və evlərində qətlə yetirilənlərlə bağlı statistikaya gəldikdə isə rəqəmlər fasiləsiz artır.

Bəli, Ermənistanda sosial şəbəkələrdə və mediada Paşinyanı tənqid etmək olar, küçələrdə yürüşlər və mitinqlər də keçirmək bəzən alınır. Amma bu etirazların, hakimiyyətə ünvanlanmış tənqidlərin, müraciətlərin və xitabların heç bir nəticəsi yoxdursa, psevdodemokratiya görüntüsünün mənası qalmır.

Demokratiya müxalifətin dediklərinin hakimiyyət tərəfindən eşidilməsidir.

Tənqid və təhqir etmək, küçələrdə yürüş keçirmək azadlığı demokratiya yox, anarxoprimitivizm, ən yaxşı halda isə postklassik anarxizm təzahürüdür. Təbii, Ermənistanı dəstəkləyən təşkilatlarla dövlətlərin analitikləri buna etiraz edəcək, Corc Draffan və ya Brayan Morris idefikslərinin ermənilərlə heç bir əlaqəsi olmadığını deyəcəklər.

Belə deyil. Daha doğrusu, heç belə deyil.

"Azərbaycanın Ermənistan ərazilərinə təcavüz etməsi" ilə bağlı Nikol Paşinyanın dediklərinə gəldikdə isə bu, illər əvvəl evi quldur hücumuna məruz qalmış ev sahibinin həmin qulduru tapması və oğurlanmış əşyalarının bir qismini geri qaytarmasının "cinayət" hesab edilməsi kimi beyinin deqradasiya məhsuludur.

Reallıq budur ki, Azərbaycan ərazilərinin bir qismi hələ də Ermənistanın nəzarətindədir: söhbət Qazax rayonunun 7 kəndindən və Naxçıvanın bir kəndindən gedir.

Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin demarkasiya və delimitasiyası prosesinin başlanmasını İrəvan əngəllədiyi üçün o sərhəd indi şərtidir.

Nikol Paşinyan müraciətində bunları da deyib: "Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması və bunun nəticəsində yaranan humanitar böhran açıq şəkildə etnik təmizləmə cəhdidir. Və biz buna göz yuma bilmirik. Eyni zamanda, Ermənistan Azərbaycanla sülh prosesinə sadiq qalır. İrəvan əmindir ki, regionun dinc inkişafının alternativi yoxdur”.

Tam doğru: regionun dinc inkişafının alternativi yoxdur və biz buna əminik.

Lakin həmin inkişaf Ermənistandan Xankəndiyə, habelə, hazırda Rusiya Süllhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdəki digər yaşayış məntəqələrinə silah-sursat, canlı qüvvə, minalar və s. daşınması, qarabağlı ermənilərin "ordu" adlandırdıqları diversant dəstələrin İrəvan tərəfindən tam dəstəklənərək təmin edilməsi və idarə olunması, yekun sülh sazişinin imzalanması istiqamətində fasiləsiz əngəllər yaradaraq bölgədə gərginliyi maksimum səviyyəyə çatdırmaq istəyi ilə mümkün deyil.

... ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn-formatda keçirilən 2-ci Demokartiya Sammitində 100-dən artıq ölkənin liderləri, həmçinin, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

Amma demokratiya sloqanlı sammit bəsit demaqogiya, yalan, Azərbaycana qarşı tətbiq edilmiş etnik təmizləmələr, soyqırımı və urbisidi görməzdən gəlmək, Ermənistanın aqressiv ritorikasına laqeyd yanaşmaqdırsa, vay bu demokratiyanın halına...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti