Bakı. Trend:
Azərbaycan Ermənistan tərəfə danışıqlar masasına qayıtması üçün çağırışlar edib.
Trend-in məlumatına görə, bu barədə bu gün xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, dekabr ayından etibarən Ermənistanın destruktiv yanaşması nəticəsində fiziki görüşlər həyata keçirilməyib.
"Son aylar ərzində beynəlxalq vasitəçilər Ermənistanı bu yoldan çəkindirərək yenidən danışıqlar masasına gətirmək üçün kifayət qədər intensiv və ardıcıl addımlar atır. Azərbaycnanın mövqeyi açıqdır, biz bu danışıqlara hər zaman açıq olmuşuq və Ermənistana danışıqlar masasına qayıtması üçün tərəfimizdən çağırışlar edilib. Güman edək ki, belə bir dəyişiklik yaxın zamanda baş verəcək", - C.Bayramov əlavə edib.