Bakı. Trend:
Bir sıra hallarda Ermənistan tərəfindən normallaşma prosesinə müdaxilə cəhdlərinin heç bir əsası yoxdur.
Trend-in məlumatına görə, bu barədə bu gün xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bu, Azərbaycan tərəfi üçün qəbuledilməzdir.
"Əfsuslar olsun ki, Ermənistanın qeyri-destruktiv yanaşması yalnız danışıqlar masasında hansısa ziddiyətli addımların atılması ilə məhdudlaşmır. Biz eyni zamanda bölgədə vəziyyəti gərginləşdirmək kontekstində müxtəlif siyasi və hərbi təxribatların şahidi oluruq ki, ən son belə bir təxribat dünən baş verdi", - C.Bayramov deyib.
Nazir vurğulayıb ki, Şimali Makedoniyadan olan həmkarını həmçinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində atılan addımlar, görüşlərin keçirilməsi və belə bir görüşlərin davamlı olması üçün Azərbaycan dövləti tərəfindən Bakı şəhərində danışıqlarn davam etdirilməsi təkliflərinin verilməsi barədə məlumatlandırıb.
"Ermənistan tərəfindən Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması prosesinin və ya Ermənistanın erməni əsilli şəxslərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə müdaxilə cəhdlərinin heç bir əsası yoxdur. Bu, ümumilikdə hər iki prosesə mənfi təsir edir və Azərbaycan tərəfi üçün belə bir yanaşma qəbuledilməzdir", - XİN başçısı əlavə edib.
Qeyd edək ki, bu gün xarici işlər naziri Ceyhun Bayramovla Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.