...

Paşinyan Azərbaycanın təkliflərinə alternativ axtarmamalıdır - Aydın Quliyev

Siyasət Materials 13 Aprel 2023 14:28 (UTC +04:00)
Paşinyan Azərbaycanın təkliflərinə alternativ axtarmamalıdır - Aydın Quliyev

Bakı. Trend:

"Hökumət saatı" kimi hay-küylü adla illərdən bəri erməni ictimaiyyətinə və dünyaya sırınan tədbirdə Paşinyanın bu dəfəki fikirlərinin tək biri azacıq yenilik təsiri bağışladı. Bu yeniliyi heç şübhəsiz ki, şüurlara daha effektli təsir üçün etdilər, lakin effektin alınmaması bir yana, üstəlik Paşinyanın bir güllə ilə vurmaq istədiyi hədəflərin ikisi də ifşa edildi...

Nədir bu hədəflər?

Paşinyan aprelin 11-də Gorusun Dığ kəndindən Laçına etdikləri intensiv hücum təxribatının məsuliyyətini öz üzərlərindən atmaq üçün bunu Azərbaycan tərəfdən guya "Ermənistanın inkişaf dinamikasını pozmaq "planı kimi təqdim edib .Guya Ermənistan o qədər sürətlə inkişaf edirmiş ki, Azərbaycan bundan qorxuya düşərək təxribata əl atıb. Ağılı başında olan istənilən şəxsin bu yalanı asan tutduğuna dair çox sübutlara ehtiyac yoxdur.Tək bunu deyək ki, hər kəs ritorik də olsa Paşinyana bu sualları verə bilər - "Nəyin hesabına inkişafa ümid və ya iddia edirsən,Paşinyan?Blokadadan çıxdınmı? Azərbaycanın "it baxana" dirədiyi Ermənistanı bu dalandan çıxardınmı"?.. Bu suallara məlum cavablardan hamı təyin edə bilər ki, "Ermənistanın dinamik inkişafı " deyilən şey " piyar feykindən" başqa bir şey deyilmiş...

Paşinyan davam edir və deyir ki, biz heç nəyə baxmadan bütün diqqətimizi ölkənin inkişafı üzərinə fokuslamalıyıq,çünki bunsuz heç bir müdafiə problemini uğurla həll edə bilmərik..Hər bir ağıllı dövlət başçısının ilk hakimiyyət günündən anlamalı olduğu bu böyük həqiqətin Paşinyan tərəfindən gec də olsa dilə gətirilməsini hər halda irəliləyiş saymaq olar,mütləq ətalətdənsə bu da pis deyil.Həqiqətən də hər hansı ölkə inkişaf etdirilməsə,onun güclü iqtisadiyyatı olmasa , güclü hərbi və etibarlı müdafiə sistemi ola bilməz...

Gec də olsa, Paşinyan bu həqiqəti Azərbaycan Prezidentinin sınaqdan uğurla çıxardığı böyük tarixi təcrübədən öyrəndi. Ancaq Prezident İlham Əliyev ağır işğal rejimi şəraitində 1 milyon qaçqının yükünü çəkə -çəkə ölkənin potensiallarını real ordu quruculuğuna zamanında yönəltdi və nəticəni də ortaya qoydu. Prezident İlham Əliyev cari problemlərin içində bu böyük strategiyanın əsaslarını yaradanda Paşinyan və onun xələfləri "ayrı işlərlə "məçqul olurdular. İlham Əliyevin əldə etdiyi nəticə böyük Zəfər, Paşinyankimilərinki isə peşimançılıq və gecikmiş etiraflar oldu...

Beləliklə, Paşinyan son təxribatını "Ermənistanın inkişafına guya maneçilik " arqumenti ilə Azərbaycanın üstünə atmağa çalışsa da, onun elə ilk addımdan fiaskoya uğradığı göz önündədir.Bu, onun gülləsinin yayındığı birinci hədəfdir.

Paşinyan davam edir-bizim strateji vəzifəmiz öz mövcudluq formulumuzu tapmaqdır.Təəssüf ki, Baş nazir Ermənistanın mövcudluq formulunun nədən ibarət olduğunu açıqlamır .Lakin hələ də qonşu sərhədlərdə təxribatlar törədərək məsuliyyəti Azərbaycanın üstünə atmaq kursu davam etdirilirsə, demək, baş nazir " mövcudluq formulunu" düz təsəvvür etmir , ona doğru heç düzgün istiqamətlənməyib də. Onun hələ də Azərbaycanla real sülh sazişi yoluna çıxmaq səyləri sıfır səviyyənin üstündədirsə , demək hədəfə doğru tuşlanmayıb.Yəqin ki, '" mövcudluq formulu " altında güclü iqtisadi inkişafa çıxmaq və bu bazanın üstündə Ermənistanın problemlərini həll etməyi nəzərdə tutur.Ancaq Azərbaycanla hələ davam edən düşmənçilik və tam regional blokada şıraitində inkişafa çıxış əldə ermək aclığın girdabında qalmış bəzi Afrika ölkələrinin nüvə silahı daşıyan ballistik raketlərə can atması qədər ironik və fantastik görsənir.Hələ onu demirəm ki, Paşinyan mifik sayılan inkişaf müstəvisinə çıxışdan sonra (bu da mümkün llsa) Ermənistanın hansı problemlərinin həllini planlaşdırır? Bu şəxs ümumiyyətlə müasir və müharibədən sonrakı Ermənistan " dövlətinin " problemlərini necə təsəvvür edir? Əgər Ermənistanın problemləri deyəndə Azərbaycandan qisas almağı,yenidən onun torpaqlarını işğal etməyi və sairi nəzərdə tutursa , bu " strategiya" öz mahiyyəti etibarilə " mövcudluq formulunun" axtarışları içində əslində yoxluğa və ya məhvə dönməyə bərabərdir.Bundan sonra Ermənistan nəyin hesabına və hansı sürətlə inkişaf perspektivi tapa bilər ki, artıq inkişaf relsləri üstündə böyük məsafə qət etmiş Azərbaycanı üstələsin?! Həm də elə bir ölkə ki, müharibədə total zərbə alıb, yəni hərbi strukturu dağılıb, dünyada "yazıq millət " imicini itirib, erməni diasporu 100 il dünyanı aldatmağa cəhd etmiş toplum kimi ifşa olunmaq həddinə gəlib,lobbiçilərin dairəsi genişlənmir, kiçilir , erməni cəmiyyəti inkişafın gələcək modelinə baxışlarda parçalanıb və sair...Belə qənaətə gələ bilərik ki, Paşinyanın gülləsi "mövcudluq formulunun" axtarışı kimi ikincı hədəfdən də yayınıb.

Halbuki, azacıq obyektiv düşüncə tərzi olsaydı, Ermənistan üçün "mövcudluq formulu" axtaranda Azərbaycan prezidentinin dəfələrlə təkrarladığı klassik və qanadlı bir tezisi görə bilərdi. Müharibədən sonra İlham Əliyevin daim ifadə etdiyi bu tezisi "Ermənistanın hədələnməsi,Ermənistandan ərazi qoparmaq cəhdi və s" kimi yanlış istiqamətlərdə yozsalar da, tezisin içində Ermənistanın həyat mənafelərinə uyğun həqiqət var. Bizim Prezident dəfələrlə və ən müxtəlif kürsülərdə bəyan edib ki, Ermənistan bir dövlət kimi mövcud olmaq və inkişaf etmək istəyirsə,Azərbaycanın süverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi çərçivəsində sülh sazişi imzalamalıdır.Əks halda Ermənistan xəstə qəsbkarlıq iddiaları ilə hər 15-20 ildən bir başını qaldırıb "Azərbaycanın qılıncına " sürtəcəksə belə dövlət yaşaya bilməz.Konkret deyilsə, İlham Əliyevin Ermənistana təqdim etdiyi " mövcudluq formulu" üzərində Paşinyan ciddi düşünməli, bu formula alternativlər axtarmamalıdır . Prezident İlham Əliyevin təklif etdiyi "mövcudluq formulunun" mahiyyəti belədir: "Ermənistan dövlət kimi mövcud olmaq üçün öncə Azərbaycanın bütöv və süveren mövcudluğu ilə rəsmi barışmalıdır"..

Aydın Quliyev
"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert

Məqalədə:
Xəbər lenti

Xəbər lenti