Bakı. Trend:
Qafqaz Albaniyası Azərbaycan ərazisində yerləşən ən qədim dövlətlərdən biri olub. Qafqaz Albaniyasının Müstəqil - Apostol Kilsəsinin öz başlanğıcını bilavasitə Qüds Kilsəsindən götürməsi, onu erməni-qriqoryan Kilsəsindən fərqləndirən və tarix boyu erməniləri qıcıqlandıran əsas amil olub.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Qafqaz Albaniyası: Dini və sosial həyatı" adlı X beynəlxalq konfransda deyib.
O qeyd edib ki, məhz buna görə də biz tarixin müxtəlif dövrlərində ermənilərin bu torpaqları zəbt etmiş yadellilərə yarınmaqla Alban Kilsəsini Erməni-qriqoryan Kilsəsindən asılı vəziyyətə salmağa cəhd etdiyinin şahidi oluruq.
“Məlumdur ki, 1836-cı ildə Alban Katolikosluğu ləğv edildikdən sonra Azərbaycandakı alban kilsələri Erməni Qriqoryan Kilsəsinin himayəsinə keçsə də, ermənilər bu kilsələrdə ibadət etməyiblər. Hətta sovet dövründə həmin tarixi abidələr Azərbaycan xalqının irsi kimi mühafizə olunmuş, orada heç zaman dini ayin icra edilməmiş və xalqımız tərəfindən qorunub-saxlanmışdır.
Ermənilər yalnız Azərbaycan ərazilərini işğal etdikdən sonra alban kilsələrini qriqoryanlaşdırıb, onun interyerində və eksteryerində dəyişikliklər aparıblar. Bunu da Qarabağı zəbt etdikdən sonra, bu torpaqlarda daimi məskunlaşmaq məqsədilə ediblər”, - deyə M.Qurbanlı deyib.