Bakı. Trend:
Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən, müsəlman qonşusuna təcavüz edən, əli müsəlman qanına bulaşmış zalım Ermənistana İran İslam Respublikasının hərtərəfli dəstəyi, qədim Azərbaycan məskəni Qafanda konsulluq açması, hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəs olan Araz çayı boyunca hərbi təlimlər keçirməsi, işğalçı, qəsbkar Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi ilə bərabər tutması Ermənistanı yeni müharibəyə cəsarətləndirmək, revanşizmə kökləməkdir və açıq anti-Azərbaycan siyasətinin tərkib hissəsidir.
Trend-in məlumatına görə, bunu Qafqaz Müsalmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfransda deyib.
O qeyd edib ki, bütün bunlar Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir və qətiyyətlə qınanılır.
“Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən qonşuları ilə, o cümlədən, İran dövləti ilə mehriban qonşuluq, İslami həmrəylik prinsiplərinə əsaslanan münasibətlər qurmaq, bütün müstəvilərdə əlaqələri dərinləşdirilmək niyyəti nümayiş etdirmişdir. Bu gün də Azərbaycan cəmiyyəti bu prinsipləri əsas tutur və eyni münasibəti qarşı tərəfdən də gözləyir.
Azərbaycan dindarları, dinindən və məzhəbindən asılı olmayaraq həmişə dövlət rəhbərimizi dəstəkləyirlər. Biz, dindarlar dövlət başçımızın rəhbərliyi ilə bu müqəddəs amallar uğrunda, haqq, ədalətin qalibiyyəti yolunda mücadiləyə hər an hazırıq və bu siyasətin hər zaman zəfərinə qəlbən inanırıq. Allah-Təala daima haqqın tərəfindədir! Bu müqəddəs və mübarək Ramazan ayında dualar edirik ki, Uca Allah hər zaman Azərbaycan xalqını, dövlətini və dövlət rəhbərimizi qorusun, yardımçımız olsun! Müqəddəs Ramazan ayında etdiyimiz dualar qəbul olar, inşallah! Bu niyyətlə hamıya, mötəbər qonaqlarimiza, dini konfessiyaların möhtərəm başçılarına Uca Allahdan xeyir-dualar diləyirəm!”, - deyə o əlavə edib.